Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:39

DİN müxalifəti silah əldə etmək cəhdində günahlandırır


Səs: Real audio
Etibar Məmmədov: «Hüquq-mühafizə orqanlarının işi bəyanat vermək deyil» «Müxalifətin radikal qanadı silah əldə etməyə cəhd göstərir». Bu bəyanatla Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov çıxış edib. Onun sözlərinə görə, bəzi müxalifət qüvvələri bu yolla parlament seçkisi ərəfəsində ölkədə sabitliyi pozmaq istəyirlər. Nazir müavini, öz ifadəsilə desək, «müxalifətin radikal qanadına xəbərdarlıq edib»: «Biz xəbərdarlıq edirik ki, belə hallara yol verməyəcəyik. Bu fikirdə olan insanlar öz niyyətlərindən daşınsınlar. Azərbaycanda normal, azad seçki keçiriləcək və həmişə olduğu kimi sağlam qüvvələr qalib gələcək».



Cənab Eyvazov söhbətin hansı müxalifət partiyasından getdiyini açıqlamayaraq bunun əməliyyat sirri olduğunu deyib. «Əgər qanunsuz silah əldə etmək istəyənlər bu yoldan çəkinməsələr, onların adları ictimaiyyətə açıqlanacaq» - deyə, nazir müavini vurğulayıb.



Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli (iqtidaryönlü mətbuatda bu partiya radikal müxalifət qurumlarından biri kimi hallandırılır) deyib ki, V.Eyvazovun belə bir bəyanatla çıxış etməsi təsadüfi deyil. O, 2003-cü il prezident seçkisindən sonra müxalifətçilərlə pis rəftara görə həmin vaxt Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olan Vilayət Eyvazovun adının «Hyuman Rayts Votç» təşkilatının hesabatına düşməsinə işarə edib. Cənab Kərimlinin fikrincə, bu, müxalifətə qarşı qarayaxma kampaniyasının davamıdır: «Heç bir silahlı dəstədən söhbət gedə bilməz. Biz öz mübarizəmizi xalqın gücüylə, silahsız, əlimizdə qərənfil aparacağıq».



Milli İstiqlal Partiyasının keçmiş sədri, «Yeni Siyasət» seçki blokunun həmtəsisçisi Etibar Məmmədov isə bildirir ki, hüquq-mühafizə orqanlarının işi bəyanat vermək deyil: «Əgər hansısa silahlı dəstə mövcuddursa, onu ifşa etmək lazımdır».



Bu il iyunun 11-də Müsavat Partiyasının üzvü Pirəli Orucov Apellyasiya Məhkəməsinin hakimi Bəhram Şükürovun avtomobilini partlatmağa cəhddə günahlandırılaraq həbs edilib. Müsavat Partiyası isə bu ittihamları rədd edib.
XS
SM
MD
LG