Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Gözdən əlillərin yenidən öz kitabxanası var


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Gözdən Əlillər Cəmiyyətinin prezidenti Simyar Abdullayev deyir ki, 1980-ci ildən fəaliyyət göstərən kitabxana uzun müddət istifadə üçün yararsız vəziyyətdəydi. Bu günlərdə kitabxana təmir olunaraq yenidən istifadəyə verilib.



- Gözdən əlillər üçün fəaliyyət göstərən kitabxana çox ağır vəziyyətdə idi. Kitabxana zirzəmidə yerləşdiyindən oraya kanalizasiya suları axırdı. Biz Mədəniyyət Nazirliyinə müraciət edərək dedik ki, kitabxananın məhv olmaq təhlükəsi var. Mədəniyyət Nazirliyi bizim qaldırdığımız məsələyə müsbət reaksiya göstərdi. 2005-ci il təmir işlərinə başladıq. Bu ay da açılışı oldu. Hazırda orada oxucular üçün normal şərait yaradılıb. İndi əsas məsələlərdən biri kitabxananın maddi-texniki bazasının zənginləşdirilməsidir. Mədəniyyət Nazirliyi oranı lazimi avadanlıqlarla təmin edəcəyinə söz verib.



- Kitabxananın hazırki kitab fondu nə qədərdir?



- Kitab fondu ilə bağlı da problem var. Əksər kitablar Kiril qrafikası ilədir. Kassetlərdən bəziləri köhnəlib. Biz kitab fondunu zənginləşdirməklə də bağlı işlər görməyi nəzərdə tutmuşuq. Hazırda 1000-ə yaxın kitab var. Kitabxanada həm rus ədəbiyyatı, həm Azərbaycan yazıçılarının əsərləri, həm də uşaq ədəbiyyatı var.



- Kitabxanada kompüter sisteminin təşkili nəzərdə tutulubmu?



- Bəli, bu sahədə də işlər görülür. Korlar üçün nəzərdə tutulan kompüterlərin, digər çap avadanlıqlarının da alınmasına çalışırıq.



- Kitabxanadan istifadə etmək istəyən gözdən əlillərdən nə tələb olunur, hansı sənədləri təqdim etmək lazımdır?



- Heç bir sənəd tələb olunmur. Hər kəs gəlib oxu zalında istədiyi kitabı oxuya bilər. Gəlmək imkanı olmayan şəxs isə müraciət edərək ünvanını deyir və bizim işçilər istənilən kitabı onun ünvanına çatdırır. Yəni, kitabxanamız həm də səyyar xidmət göstərir. Kitabxanadan təkcə gözdən əlillər deyil, sağlam adamlar da istifadə edə bilərlər. Hazırda adamlar o qədər informasiya ilə yüklənirlər ki, kitab oxumaq onlar üçün çətin olur. Onlar bizdə olan diskləri əldə etməklə istədikləri əsərə sadəcə qulaq asa bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG