Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:26

Avropa Şurası səslərin hesablanmasında şəffaflığa çalışır


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri "Seçkilər" İnformasiya Mərkəzinə protokolların verilməsi mexanizminin şəffaflığı haqqında hesabat hazırlamağı xahiş ediblər. Mərkəzin seçki dövründə nəticələrin MSK-nın istəyinə uyğun elan edilməsində rolu dəfələrlə tənqidə məruz qalıb.



Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə, təcrübə göstərir ki, seçki zamanı saxtakarlıqlar heç də səsvermə prosesi ilə başa çatmır. Seçkidən sonra protokollar dəyişdirilir və "Seçkilər" İnformasiya Mərkəzində əks etdirilən rəqəmlər real nəticə ilə üst-üstə düşmür.



Osman Günduz yada salır ki, 2000-ci il parlament seçkilərindən etibarən Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz məntəqə və dairələrdən gələn protokollar nəticəsində seçkinin ilkin nəticələrini elan edir.



Osman Qunduz deyir ki, "Seçkilər" İnformasiya Mərkəzinin işində tam şəffaflıq olmadığından və protokolların dərc edilməsi prosesi yubadıldığından şübhələr üçün çox böyük əsaslar yaranır. Çünki, onda protokollardakı rəqəmlərin Mərkəzdə dəyişdirilib-dəyişdirilmədiyindən ictimaiyyət xəbərsiz olur.



Osman Gündüz ilk növbədə təklif edir ki, Mərkəzdə protokolların İnternetə yerləşdirilməsi prosesi müşahidə edilsin. Bundan başqa, protokollar Bakıya göndərilməzdən əvvəl təkrar məntəqələrə qaytarılmalıdır ki, həm komissiya üzvləri, həm də müşahidəçilər dairədə protokolların dəyişdirilib-dəyişdirilməməsini aydınlaşdıra bilsinlər.



"Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev isə bütün təklifləri dinləməyə hazır olduqlarını deyir. Ancaq onun sözlərinə görə, Mərkəzdə nəzarət qrupu fəaliyyət göstərir və bu yolla protokollardakı rəqəmlərin dəyişdirilmə imkanları heçə endirilir:



"Təlimatın 7-ci bəndində göstərilir ki, həm komissiya üzvləri, həm müşahidəçilər, həm də KİV əməkdaşları protokolların "Seçkilər" İnformasiya Mərkəzində qəbul edilməsi və informasiyaların İnternetdə yerləşdirilməsi prosesi ilə tanış ola bilərlər. Məgər bu müşahidə demək deyilmi?"



İqbal Babayev deyir ki, təlimatdakı «tanış olmaq» ifadəsini «müşahidə etmək» ifadəsiylə dəyişmək onlar üçün problem deyil. Onun sözlərinə görə, bir halda ki, Mərkəzdə tam şəffaflıq hökm sürür, protokolları təkrar məntəqələrə qaytarmağa elə bir lüzum qalmır.



"Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov da hesab edir ki, protokolların təkrar məntəqələrə qaytırılması seçkinin nəticələrinin elan edilməsini bir xeyli gecikdirə bilər. Onun sözlərinə görə, əslində, təlimata hansı düzəlişin edilib-edilməməsi də elə bir əhəmiyyət kəsb etmir. Çünki, "Seçkilər" İnformasiya Mərkəzi protokolları dəyişmək istəsə, başqa üsullar tapacaq.



Hafiz Həsənovun sözlərinə görə, əsas odur ki, hakimiyyət seçkilərin demokratik qaydada keçirilməsi və nəticələrin dəyişdirilməməsi ilə bağlı siyasi iradə nümayiş etdirsin. Ancaq o hesab edir ki, istər mövcud Seçki Məcəlləsi, istərsə də ölkədə hökm sürən siyasi şərait belə bir iradənin ortalığa qoyulduğunu düşünməyə hələlik əsas vermir.
XS
SM
MD
LG