Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Tanınmamış Şimali Kiprlə iqtisadi əməkdaşlıq nə vəd edir?


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Yeni Azərbaycan partiyasından olan millət vəkili, politoloq Aydın Mirzəzadə deyir ki, Azərbaycan iş adamlarının bir qrupunun yaxın günlərdə Şimali Kiprə nəzərdə tutulan səfəri ilk növbədə iqtisadi maraq prinsipinə söykənir.



Onun fikrincə, Azərbaycan Şimali Kiprlə formalaşmaqda olan iqtisadi əlaqələrdən lazımınca bəhrələnəcək. O deyir ki, adətən iş adamları iqtisadi maraq olmayan yerlərə diqqət göstərmirlər. Bu baxımdan, hazırda diqqətin Şimali Kiprə yönəlməsinin mahiyyətində iqtisadi maraqlar olmamış deyil. Əgər Azərbaycanın şirkətləri orada iş qurmaq niyyətindədirlərsə, deməli, onlar bu addımı mənfəət əldə etmək məqsədilə atırlar.



Cənab Mirzəzadə hesab edir ki, Azərbaycan Şimali Kiprlə əlaqələr qurduğuna görə beynəlxalq aləmdə hər hansı mənfi reaksiyaya məruz qalmayacaq. Çünki, bu gün beynəlxalq aləmin özü Şimali Kiprə münasibətini dəyişib və onun inkişafı üçün Avropa Birliyi artıq yardım da ayırır.



Politoloq deyir ki, Azərbaycanın Şimali Kiprə qarşı bugünkü mövqeyində qeyri–adi bir şey yoxdur. Azərbaycan Şimali Kipri rəsmi dövlət kimi tanımır. Sadəcə, onunla iqtisadi ilişkilər qurur. Bu isə hansısa mənfi reaksiya doğurmamalıdır.



Müsavat partiyasının divan üzvü, politoloq Rasim Musabəyov isə deyir ki, Azərbaycan Şimali Kiprlə iqtisadi əməkdaşlıqdan müəyyən bir mənfəət əldə edə bilər. Ancaq bu əlaqələrdən hansısa bir ciddi nəticə gözləmək düz olmazdı.



Rasim Musabəyovun fikrincə, Azərbaycan Şimali Kiprlə münasibətdə beynəlxalq səviyyədə hansısa bir mənfi reaksiya doğuracaq hərəkətə yol verməyib. Şimali Kipr Koffi Annan planına “hə” deməklə artıq öz vəziyyətinin yaxşılaşmasına böyük dövlətlərdən xeyir-dua alıb. Ancaq sözsüz ki, bu addımdan narazılar da olacaq. Azərbaycan buna hazır olmalıdır.



Cənab Musabəyov deyir ki, əgər Azərbaycan öz problemlərinin həllində türk cümhuriyyətlərindən dəstək gözləyirsə, başqalarına, o cümlədən də Şimali Kiprə bu dəstəyi əsirgəməməlidir.



Müstəqil politoloq Vəfa Quluzadə isə bu iqtisadi əlaqələrə ciddi önəm verir, onun perspektivinə inanır. O deyir ki, Şimali Kiprlə iqtisadi əlaqələrin qurulmasının Azərbaycana gələcəkdə çox böyük xeyri olacaq.



Amma Vəfa Quluzadəyə görə, beynəlxaq aləmdən bu əlaqələrə qarşı mənfi reaksiya olacaq. Özü də Azərbaycana qarşı bu reaksiyanı bir sıra dövlətlər düşünülmüş şəkildə təşkil edəcəklər.



Politoloq hesab edir ki, Azərbaycanın bu addımının qarşılığında Yunanıstanın Dağlıq Qarabağı tanıması da ciddi problem yarada bilməz. Çünki, Kiprdən fərqli olaraq, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bu beynəlxalq sənədlərdə öz əksini tapıb.



Vəfa Quluzadənin fikrincə, Azərbaycan Şimali Kipri bir dövlət kimi tanımalıdır. Buna görə qarşılaşacağı problemləri isə Türkiyə ilə birlikdə yoluna qoymaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG