Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:53

Lahıc – qədimliklə müasirliyin arasında


Səs: Real audio
«Ümid edirəm ki, tezliklə ciddi və davamlı irəliləyiş əldə edəcəyik» İsmayıllı rayonunun ucqar dağ kəndi Lahıcın yolları yayda açıq olur. Qışda gediş-gəliş olmadığından burada həyat yayda qaynardır.



Girdman çayının sahilində yerləşən Lahıc Mədəniyyət Nazirilyi tərəfindən qoruq kimi qorunur. Yerli icra nümayəndəliyindən verilən məlumata görə, hazırda Lahıcın 2 min əhalisi var. Dəmirçi körüyləri, misgər emalatxanaları Lahıcın siması, ustaların alətlərinin səsi buranın musiqisidir.



Ata-babaları misgər olan Nəzər Əliyev özü də misgərdir. Həm də Lahıc qoruğunun direktorudur. Danışır ki, vaxtilə Lahıcda 60-dan artıq misgər olub. Onların hazırladıqları əl işləri bütün Qafqazda, İran və Türkiyədə məşhur imiş. Ancaq indi həm material qıtlığına, həm də alıcıların azlığına görə Lahıcda ustaların sayı azalıb.



Qədim dükanları ərzaq mağazalarıyla əvəz edənlər də var. Satıcı Əzizə deyir ki, dolanışıq ağır olduğundan atasından qalma dəmirçi dükanında indi ərzaq məhsulları satır.



Ancaq yaşı 70-i haqlamış Azad kişi ənənələrə sadiq qalır. Deyir ki, əvvəllər çarıqçılıqla məşğul olub. İndi isə atlara yüyən hazırlayır. Lahıcda atlar və ulaqlar əhalinin əsl köməkçisidir. Odunu, suyu onlarla gətirirlər.



Lahıcın yaşıl meşələri hər yay buranın yüzlərlə insanının istirahət yerinə çevrilir. Kənddə qaz olmadığından, camaat odundan istifadə edir. Meşələrin qırılmasından isə ürək ağrısı ilə danışırlar.



Elektrik enerjisi də Lahıcda ancaq yayda olur. Misgərlər deyir ki, işıq tez-tez kəsildiyindən gündəlik işlərində köhnə ənənələrə üstünlük verirlər.



Lahıcın daş döşənmiş küçələrinin, yeraltı kanalizasiya xəttinin yaşı bilinmir. Yerli əhali qədim kəndin səliqə-səhmanından fəxrlə danışır.



Qoruğun direktoru Nəzər Əliyev yeniliyin kəndin tarixliyinə bəzən kölgə saldığını da deyir.



Ancaq əhali təkcə keçmişlə yaşamır. Gün-güzəranları, övladlarının gələcəyi, parlament seçkiləri haqqında ümidlə danışırlar.



Lahıcdakı orta məktəbin direktoru Hikmət Əliyev hər il məktəbə gələnlərin də, məktəbi bitirənlərin də sayının azaldığından narahatdır. Ancaq məktəbə gedəcəyi günü səbirsizliklə gözləyənlər də az deyil. Lahıcın balaca sakinləri artıq yazıb-oxumağı çoxdan öyrəniblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG