Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:49

Kim haqlıdır: «Barmek», yoxsa «Azərenerji»?


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur «Barmek» şirkəti əhaliyə və müəssisələrə satdığı enerjini «Azərenerji» Səhmdar Cəmiyyətindən alır. «Azərenerji» isə bildirir ki, «Barmek» müqaviləylə öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir, onlardan aldığı enerjinin pulunu vaxtlı-vaxtında ödəmir, enerji sektoruna yetərincə sərmayə qoymur.



«Azərenerji»nin rəhbəri Etibar Pirverdiyev deyir ki, onlar Nazirliər Kabinetinə müraciət ediblər və hökuməti bu türk şirkətiylə bağlanan müqaviləni ləğv etməyə çağırıblar.



Amma Etibar Pirverdiyevin dedikləriylə «Barmek»də razı deyillər. Şirkətin prezidenti Hüseyn Arabul etiraf edir ki, «Azərenerji»yə olan borclarını həqiqətən də 100 faiz ödəməyiblər. Amma onun bildirdiyinə görə, bunda qeyri-qanuni heç nə yoxdur. Cənab Arabul deyir ki, onların Azərbaycan hökumətiylə bağladıqları müqaviləyə görə, dövlət müəssisələri şirkətə olan işıqpulu borclarını ödəyə bilməyəndə, borcu hökumət özü verməlidir, hökumət də verməyəndə «Barmek» həmin pulu «Azərenerji»yə ödəməli olduğu məbləğdən çıxmalıdır.



Hüseyn Arabul onların Azərbaycana yetərincə sərmayə qoyduğunu da deyir. Şirkət rəhbərinin bildirdiyinə görə, 2002-ci ildən bəri Azərbaycana 60 milyon dollara yaxın sərmayə yatırıblar. Cənab Arabul deyir ki, haqlı oduqlarını sübuta yetirmək üçün lazım gəlsə, «Azərenerji» Səhmdar Cəmiyyətiylə hətta məhkəmədə də görüşə bilərlər.



Artıq xeyli müddətdir ki, yerli mətbuatda Rusiyanın «RAO EES» şirkətinin «Barmek»in əvəzinə Azərbaycana gətiriləcəyi barədə gümanlar səslənir. Amma hökumət bununla bağlı hər hansı konkret planının olduğunu bildirməyib.



«Barmek» şirkəti isə bildirir ki, onların Azərbaycandan çıxarılması üçün heç bir hüquqi əsas yoxdur. Və heç kimdən çəkinmirlər. Hüseyn Arabulun sözlərinə görə, onlar Azərbaycanda mərhum prezident Heydər Əliyevin xeyir-duasıyla fəaliyyətə başlayıblar, İqtisadi İnkişaf Nazirliyi ilə bağladıqları müqaviləni prezident öz fərmanıyla təsdiq edib və buna görə də onların Azərbaycandan getməsi barədə də ancaq hazırkı prezident İlham Əliyev qərar verə bilər.



Hüseyn Arabulun Rusiyanın «RAO EES» şirkətinin Azərbaycana gətirilməsinə münasibəti də müsbət deyil. Onun fikrincə, bu, düzgün addım olmazdı, o mənada ki, həmin Rusiya şirkətinin işlədyi yerlərdə, daha dəqiqi Moskvada və Gürcüstanda baş verən qəzalar həmin şirkətin fəaliyyətinin müasir tələblərə cavab vermədiyini göstərir.



İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, «Barmek»lə bağlı baş verən hadisələrdə bəzi anlaşılmaz məqamlar var. Onun sözlərinə görə, əgər «Barmek» müqavilənin şərtlərini pozmuşdusa, bununla bağlı «Azərnerji» və «Barmek»in iştirakıyla komissiya yaradılmalı və məsələ hüquqi cəhətdən aydınlaşdırılmalı idi. Amma «Azərnerji» bunu etməyib və birbaşa Nazirlər Kabinetinə müraciət edib.



Azər Mehtiyev hesab edir ki, bunun iki səbəbi ola bilər. Ya həqiqətən də «Barmek»in Rusiyanın «RAO EES»iylə əvəzlənməsi planı var və kimlərsə bunu nəyin bahasına olursa-olsun həyata keçirmək istəyirlər, ya da «Azərenerji» böyük maliyyə vəsaitlərinin dövr etdiyi enerji paylama şəbəkəsini öz nəzarətinə qaytarmağa çalışır.



Türkiyənin «Barmek-Holdinq» şirkəti Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə bağlanan müqaviləyə görə, «Barmek» Bakı, Sumqayıt və şimal rayonlarının elektrik şəbəkəsini idarə edir. Müqavilə 25 illikdir.
XS
SM
MD
LG