Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Nazirliklər ali məktəblərdə gənclər təşkilatları təsis edir


Səs: Real audio
O, müstəqil faəliyyət göstərəcəyini deyir Parlament seçkiləri ərəfəsində gənclər artıq dörd seçki bloku və bir neçə hərəkat təsis ediblər. Bu təşkilatlar yaradılandan bir neçə ay sonra, dərs ilinin sonunda isə Gənclər, İdman və Turizm, həmçinin Təhsil nazirliklərinin təşəbbüsü ilə ali məktəblərdə Tələbə Gənclər Təşkilatı yaradılmağa başlandı. Və bununla bağlı gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, eləcə də təhsil naziri Misir Mərdanovun imzasıyla təsdiqlənmiş əsasnamə də hazırlanıb.



Sənədə görə, ali məktəblərdə yaradılmış təşkilatlar iki nazirliyin əmr və tövsiyələrinə uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Bundan başqa, Tələbə Gənclər Təşkilatının fəaliyyətinə, yenidən təşkili və ya ləğv olunmasına xitamı da bu iki nazirlik verə bilər.



Gənclər, İdman və Turizm Nazirliyinin uşaq və gənclər təşkilatları ilə iş sektorunnu rəhbəri Əkrəm Abdullayev deyir ki, bu təşkilat siyasətdən başqa hər şeylə məşğul ola bilər. Və məqsəd də tələbələrin sosial problemlərinə diqqəti artırmaq, onların asudə vaxtını səmərəli keçirməsinə yardım etməkdir.



Əkrəm Abdullayevin sözlərinə görə, Tələbə Gənclər Təşkilatının gənclər hərəkatlarının təsis edilməsindən sonra yaradılması təsadüfdür və bunu seçkilərlə bağlamaq düzgün deyil.



Ancaq nazirliklərin açıqlamasına baxmayaraq müstəqil gənclər hərəkatları Tələbə Gənclər Təşkilatının yaradılmasını siyasi addım kimi, seçki öncəsi fəallaşan gəncləri nəzarətdə saxlamaq üçün vasitə kimi qiymətləndirirlər.



Məsələn, «Yeni parlament» seçki blokunun təsisçilərindən biri Asif Əsgərov deyir ki, Tələbə Gənclər Təşkilatının yaranması digər müstəqil qeyri-hökumət təşkilatları və hərəkatların ali məktəblərdə fəaliyyətinə mane olur.



Politoloq İlqar Məmmədov və hüquq müdafiəçisi İlqar İbrahimoğlu da bu qənaətdədirlər ki, hər iki nazirlik necə yozum versə də, fakt faktlığında qalır: Tələbə Gənclər Təşkilatı məhz «Yox», «Çağrı», «Yeni Fikir», «Məqam» kimi qurumların yaranmasından sonra ortaya çıxıb.



İlqar İbrahimoğlu deyir ki, ali məktəbdə belə qurumun yaradılmasını eşidəndə onun yadına komsomol təşkilatı düşür. Onun sözlərinə görə, əslində, özünə hörmət edən cəmiyyət gənclərin fəallaşmasına sevinə bilər. Amma demokratikliyi ilə seçilməyən Azərbaycan hakimiyyəti ictimai rəyi çaşdırmaq üçün yenə də alternativ qurumlar yaradır və bu, təzə ənənə deyil.



Politoloq İlqar Məmmədov isə hesab edir ki, nazirliklərin təşəbbüsü ilə ali məktəblərdə gənclər təşkilatının yaradılması yaxşı hal deyil. Onun qənaətincə, bu təşkilatlar həmin nazirliklərin təsirindən kənar fəaliyyət göstərə bilməyəcək, bəri başdan müstəqilliklərini itirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG