Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:32

«Azadlıq» blokunun rayonlardakı aksiyaları qarşıdurmalarla müşayiət olundu


Səs: Real audio
70-ə yaxın müxalifətçinin Sabirabad rayon Polis Şöbəsində saxlandığı bildirilir İyulun 2-i saat 10 radələrində bir qrup polis AXCP-nin Sabirabad rayon şöbəsinə hücum edib və cəbhəçilər qərargahdan çıxarılıblar. Bu haqda AXCP-nin sədr müavini və «Azadlıq» seçki blokunun Mitinq Komitəsinin üzvü Həsən Kərimov məlumat verdi. Onun sözlərinə görə, hücum zamanı xeyli cəbhəçi xəsarət alıb: «AXCP Sabirabad rayon şöbəsinin sədri, onun müavinləri, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Xaliq Bahadır və partiya sədrinin müşaviri Hacı Vaqif Kazımov həbs olunublar». Cənab Kərimov deyir ki, buna baxmayaraq «Azadlıq» seçki blokuna daxi olan partiyaların şöbələri rayondakı «Sabir» heykəlinin qarşısına toplaşa və «Azad seçki!», «Məmur özbaşınalığına son qoyulsun!», «Korrupsiyaya "yox" deyirik!» və s. şüarlar səsləndirə biliblər: «Bizdə olan məlumata görə, hazırda 70-ə yaxın müxalifət nümayəndəsi rayon Polis Şöbəsində saxlanır».



Müsavat Partiyasının yaydığı press-relizdə isə Sabirabadda saxlanan müxalifətçilərin 30 nəfər olduğu bildirilir: "Onların arasında partiyanın rayon təşkilatının sədri Tahir Fərəcli də var".



H. Kərimov onu da bildirdi ki, iyulun 1-i günortadan başlayaraq Sabirabada giriş və çıxış qadağan edilib: «Bütün kəndlərdə polis-patrul xidmətləri təşkil olunub. İyulun 2-i səhər tezdən isə Sabirabad rayon İcra Hakimiyyətinin binası Bakıdan aparılmış xüsusi polis dəstələri tərəfindən mühasirəyə götürülüb».Onun sözlərinə görə, rayonda adamların bir yerə toplaşmasına icazə verilmir.



Blokun iyulun 2-də Sumqayıtda planlaşdırdığı yürüş-mitinq isə baş tutmayıb. Buna polis imkan verməyib. AXCP-nin Sumqayıt təşkilatının sədri Yusif Salmanlının sozlərinə görə, şəhər rəhbərliyi müraciətdə göstərilən marşurutların heç birinə razilıq verməyib: «Nəticədə polislə aksiyaçılar arasında qarşıdurma yaranıb və həbs edilənlər var». Sumqayıt şəhər İcra Hakimiyyətinin ictimai-siyasi partiyalarla iş üzrə şöbəsinin müdiri Seyfəddin Rəhimov isə qarşıdurmanın olmadığını bildirdi. Onun sözlərinə görə, müxalifət təmsilçiləri şəhər İcra Hakimiyyətinin təklif etdiyi marşrutu bəyənməyiblər. «Şəhərin mərkəzində aksiya keçirməyə isə polis icazə verməyib» - deyə o, əlavə edir.



Blokun Neftçaladakı aksiyası isə nisbətən insidentsiz keçib. Həsən Kərimovun sözlərinə görə, aksiyaya icazə verilməsinə baxmayaraq polis mitinqçiləri mühasirəyə alıb, onların meydana daxil olmasına maneçilik törədib:«Ancaq buna baxmayaraq aksiya baş tutub, mitinqin qətnaməsi oxunub».



İyulun 2-i həmçinin bloka daxil olan partiyaların Gədəbəy təşkilatları da aksiya keçiriblər. H.Kərimovun sözlərinə görə, yerli icra nümayəndələri və polis kəndlərdən mitinqə gələnlərin qarşısını alsa da, aksiya baş tutub, mitinqin qənaməsi oxunub.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidəmətinin əməkdaşı Ehsan Zahidov isə Sabirabadda baş vermiş hadisəyə münasibət bildirərək «görünür, mitinqçilər orda özlərini yaxşı aparmayıblar» cavabını verdi.
XS
SM
MD
LG