Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:36

Hökumət Beynəlxalq Valyuta Fondunun kreditlərindən imtina edir


Səs: Real audio
«Tövsiyələrin qəbul edilməməsi noyabr seçkilərinə qiymət verilərkən Avropa Şurası Parlament Assambleyası tərəfindən nəzərə alınacaq» Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondunun (BVF) «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı»nın icrasına ayırmaq istədiyi 19.5 milyon dollar həcmində sonuncu kredit tranşından imtina edib.



Bu barədə iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib. Onun sözlərinə görə, artıq Azərbaycanın büdcə gəlirləri artır və kreditlərə ehtiyac duyulmur.



İndi Azərbaycanın valyuta ehtiyatları xarici borclarından çoxdur. Ölkənin xarici borcu 1.5 milyard dollardan bir qədər artıqdırsa, Neft Fondunda toplanan vəsait də nəzərə alınmaqla ölkənin ümumi valyuta ehtiyatları 2 milyard dollara yaxındır.



Artıq belə fikirlər də səslənir ki, Azərbaycan neft gəlirləriylə öz xarici borclarını qaytarmağa başlamalıdır. Amma Fərhad Əliyev hökumətin hələlik belə bir planı olmadığını bildirir. Onun sözlərinə görə, Azərbaycanda adambaşına düşən xarici borc 188 dollara yaxındır və bu, MDB ölkələrində ən aşağı – ən yaxşı gösrəricilərdəndir.



Azərbaycanda həm də adambaşına düşən sərmayə göstəriciləri də yüksəkdir. Fərhad Əliyev deyir ki, indi xarici borcların qaytarılması ilə bağlı Azərbaycanın heç bir problemi yoxdur. Xarici borc ölkənin ümumi daxili məhsulunun heç 20 faizini də təşkil etmir və bu, dünyada təhlükəli hədd sayılmır.



Hökumət nümayəndələri bu məsələ ilə bağlı başqa arqumentlər də gətirirlər. Maliyyə naziri Əvəz Ələkbərovun sözlərinə görə, Azərbaycan beynəlxalq maliyyə qurumlarından aldığı borclara görə çox kiçik faizlər ödəyir. Yoxsulluğun səviyyəsi yüksək olan dövlət kimi ona güzəştlər edilir. Və bu kreditlərin ödənmə müddəti də çoxdur – 15-40 il arası.



Amma ekspertlərin fikrincə, yəqin, 2010-cu ildən sonra Azərbaycan öz xarici borclarını qaytaracaq.



Gənc İqtisadçılar Birliyinin rəhbəri Azər Əmiraslanovun bildirdiyinə görə, artıq həmin dövrdən başlayaraq Azərbaycanın neft ixracından əldə etdiyi valyuta ehtiyatları o qədər artacaq ki, xarici borc bunun yanında çox kiçik görünəcək.



İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, həqiqətən də getdikcə Azərbaycanın gəlirləri artır və belə bir şəraitdə kredit alınması əvvəlki sürətlə davam edə bilməz. Onun fikrincə, bəzi kredit verən təşkilatlarla üzülüşməyin vaxtı doğrudan da çatıb. Amma bunu BVF-nin kreditləri barədə söyləmək olmaz.



Qubad İbadoğlunun sözlərinə görə, həmin fond bəzi banklar kimi sadəcə, kredit verməklə işini bitmiş saymır, həm də verdiyi pulların müqabilində Azərbaycan iqtisadiyyatındakı bəzi problemlərin həllini istəyir. Üstəlik, Fond kreditləri çox kiçik – 0.75 faizlə verir.



Qubad İbadoğlu deyir ki, BVF-nin kreditindən imtina etməsi hökumətin bu fondun ölkə iqtisadiyyatındakı problemlərin həlli ilə bağlı irəli sürdüyü tələbləri yerinə yetirmək istəməməsi ilə bağlı ola bilər.



BVF «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı»nın icrasına 19.5 milyon dollar həcmində sonuncu – 6-cı kredit tranşını ayırmağı nəzərdə tuturdu. Amma hökumət bundan imtina etdi. İndiyəcən isə Fond bu proqram çərçivəsində Azərbaycana 80 milyon dollardan artıq kredit verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG