Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:00

Ekspertlər iqtidar-müxalifət dialoqunun tezliklə baş tutacağına inanmırlar


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Müsavat başqanı İsə Qəmbər prezident İlham Əliyevə müraciət edərək onu qeyd-şərtsiz dialoqa çağırıb.



Ancaq siyasi müşahidəçilər hazırda hakimiyyətlə müxalifət arasında dialoqun baş tutacağına bir qədər real baxmırlar.



Müstəqil siyasətçi Zərdüşt Əlizadə hesab edir ki, Müsavat başqanı İsa Qəmbərin dövlət başçısı İlham Əliyevi qeyd-şərtsiz dialoqa dəvət etməsi əvvəlki çağırışlar kimi ciddi bir nəticə verməyəcək. O deyir ki, Azərbaycan cəmiyyəti hələ ictimai müqavilə əsasında yaşamağa tam öyrəşməyib.



“İstər Vəzirov, istərsə də Mütəllibov dialoqa meyilli idi. Ancaq Xalq Cəbhəsi onları devirdi. İndi hakimiyyət başa düşür ki, müxalifətlə dialoqa getmək onların sonunun çatması ola bilər”.



Zərdüşt Əlizadənin sözlərinə görə, tərəflər bu çağırışlarda səmimi olmadıqlarından dialoq hələ ki, baş tutmur. Müxalifət dialoq çağırışı altında hakimiyyətə gəlmək, hakimiyyət isə öz dayaqlarını gücləndirmək haqqında düşünür.



«Xalq qəzeti»nin keçmiş redaktoru Mahal İsmayıloğlu da hazırkı şəraitdə dialoqun baş tutacağına inanmır. Onun sözlərinə görə, dialoq çağırışlarından hər iki tərəf özünü reklam etmək üçün istifadə edir. Mahal İsmayıloğlu deyir ki, dialoqun baş tutması daha çox hakimiyyətdən asılıdır. Çünki, hadisələrə real təsir imkanı məhz hakimiyyətin əlindədir.



Mahal İsmayıloğlunun sözlərinə görə, bir halda ki, hakimiyyət xalqla səmimi deyil, onun müxalifətə münasibətdə səmimi olacağını düşünmək sadəlövhlük olardı. Üstəlik, hər iki tərəf bu dialoq çağırışlarından bir-birlərinə qarşı gələcək ittihamlar üçün istifadə edir.



Başqa bir ekspert, tarix elimləri namizədi Həsən Bayramoğlu isə deyir ki, Müsavat başqanının bu çağırışının arxasında siyasi məqsədlər durur. Həsən Bayramoğlunun sözlərinə görə, Müsavat başqanı seçkidən sonra pərakəndə halda fəaliyyət göstərən elektoratını gücləndirmək niyyətindədir. Bu çağırışla o, eyni zamanda beynəlxalq qurumların etibarını da qazanmaq istəyir.



”Müxalifət demokratik seçkidə qazana bilməyəcəyini, dialoq yolu ilə almaq istəyir”.



«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, yalnız konkret məsələlərin müzakirəsi zamanı dialoq baş tuta bilər. Əks halda bu, sözdən o yana getməyəcək. İndiki halda da konkret məsələ seçki komissiyalarının yenidən formalaşdırılmasıdır ki, bu məsələdə də tərəflərin mövqeyi bir-birindən kəskin şəkildə fərqlənir.



Azər Rəşidoğlunun sözlərinə görə, əgər hakimiyyət indi güzəştə getməsə, nəticə onun üçün daha ağır ola bilər.



O hesab edir ki, Azərbaycanda dialoq gec-tez baş tutacaq. Çünki, bunu daha çox beynəlxalq təşkilatlar istəyir. Hakimiyyət bu prosesdən daha az itkiylə çıxmaq istəyirsə, onun gözləməyə vaxtı yoxdur.



Azər Rəşidoğlu deyir ki, Müsavat başqanı bu çağırışla gələcək hadisələrin məsuliyyətini bir növ hakimiyyətin üzərinə atmış olur. Çünki, hakimiyyət ötən prezident seçkiləri zamanı bütün dünyada Müsavatın məhz dağıdıcı imicini yaratmaqla qələbə çala bilmişdi.
XS
SM
MD
LG