Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:26

Məhbəslərdə 50 nəfərədək siyasi məhbusun qaldığı bildirilir


Səs: Real audio
Paskal Bonnamur: «Azərbaycanda jurnalist olmaq çox çətindir» Hüquq müdafiəçilərinin prezidentin son əfv fərmanına münasibəti birmənalı deyil.



Özü bir neçə il əvvəl siyasi məhbus kimi əfv edilən və sonradan hüquq müdafiəçisi kimi fəaliyyətə başlayan Murad Sadəddinov deyir ki, prezidentin son fərmanını yüksək qiymətləndirir və bunu siyasi məhbus probleminin tam həlli yönündə böyük addım sayır.



Onun sözlərinə görə, bir müddət əvvəl hüquq müdafiəçilərinin bir qrupu ilə iqtidar nümayəndələri arasında yaradılan işçi qrup siyasi məhbuslarla bağlı razılığa gəlmişdi. Həmin razılığa görə, əfv olunacaq siyasi məhbusların siyahısı hazırlanmışdı. Və prezidentin son əfv fərmanı demək olar ki, onların hamısını əhatə edir. Əfv edilməyən bir neçə nəfər qalıb ki, onların da məsələsi işçi qrupun yaxın zamanlarda keçiriləcək növbəti iclasında müzakirə olunacaq.



Murad Sadəddinov bildirir ki, iqtidarla əldə etdikləri razılığa görə, siyasi məhbusların yalnız bir hissəsi əfv edilməliydi. Qalan 50 nəfərə yaxın siyasi məhbusun taleyinə gəldikdə, razılığa görə, onlardan bir qismi müxtəlif instansiya məhkəmələrində azadlığa buraxılacaq, digər qisminə isə öz hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində qorumaq imkanı yaradılacaq.



Murad Sadəddinovdan fərqli olaraq Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus prezidentin son fərmanının siyasi məhbus probleminə son qoyacağına inanmır. Onun fikrincə, siyasi məhbus problemini köklü şəkildə həll etmək üçün indiki iqtidar siyasi opponentlərinə qarşı təqibləri birdəfəlik dayandırmalıdır. O, bir müddət əvvəl güc nazirliklərinin Müsavat partiyasının rəhbərliyini terror aktının hazırlanmasında ittiham etməsini, eks-spiker Rəsul Quliyevin qohumu Almaz Quliyevanı saxlamasını siyasi repressiyaların davam etməsi kimi qiymətləndirib.



2003-cü ilin prezident seçkilərindən sonra polislə müxalifətçilər arasında baş verən toqquşmalar zamanı həbs olunan Müsavat partiyası başqanının müavini Arif Hacılı isə hesab edir ki, hakimiyyət siyasi məhbus problemini Avropa Şurası ilə münasibətlərdə siyasi alver predmetinə çevirib. Və zaman-zaman bir qrup siyasi məhbusu azadlığa buraxmaqla Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi təsəvvürü yaratmağa çalışır, siyasi məhbus məsələsini süni şəkildə gündəmdə saxlamaqla başqa siyasi problemləri, o cümlədən ədalətli seçki tələblərini ikinci plana keçirməyə cəhd edir.



Yeni Azərbaycan partiyası icraçı katibinin müavini Mübariz Qurbanlı isə bildirir ki, iqtidar siyasi məhbus problemini çoxdan həll edib. Amma onun sözlərinə görə, bəzi hüquq müdafiəçiləri müxtəlif məqsədlərlə ayrı-ayrı cinayətkarları siyasi məhbus siyahılarına daxil edib məsələni uzatmağa çalışırlar. İqtidar da özünün Avropa Şurası ilə müasibətlərinə xətər toxunmaması üçün məsələyə yenidən qayıtmağa məcbur olur.



Mübariz Qurbanlı Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslarla məşğul olan ekspertlərini də səriştəsizlikdə və azərbaycanlı hüquq müdafiəçilərinin sözlərinə kor-koranə inanmaqda qınayıb.



Hüquq müdafiəçisi Murad Sadəddinov isə siyasi məhbus probleminin gec-tez həll ediləcəyinə inanır. Onun sözlərinə görə, siyasi məhbus məsələsində iqtidar dövlətçilik maraqlarını irəli çəkir, hüquq müdafiəçiləri isə insan hüquqlarını. Murad Sadəddinov müzakirələr nəticəsində kompromisin əldə olunacağına ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG