Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:30

Ekspertlər parlament seçkisinin AŞPA ilə münasibətlərə təsirini istisna etmirlər


Səs: Real audio
ABŞ dövlət katibi dondurulmuş münaqişələrin həlli əvəzinə həmin bölgələrin iqtisadi inkişafını təklif edir Beynəlxalq ictimaiyyət 2005-ci il parlament seçkilərinin azad və ədalətli olduğunu tanımasa, gələn ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməyə bilər. AŞPA həmməruzəçiləri Andreas QrossAndres Herkelin hazırladığı qətnamə layihələrində belə deyilir.



Bu məqsədlə Assambleya qərara alır ki, parlament seçkisini ATƏT-in Parlament Assambleyası və Avropa Parlamenti ilə birlikdə izləsin, seçkiyə böyük sayda müşahidəçilər qrupu göndərsin, Azərbaycan parlamentarilərinə demokratik parlament barədə treninqlər keçsin və s.



Avropa Şurasında Azərbaycanla bağlı müzakirələri izləyən “525-ci qəzet”in baş redaktoru, gələn parlament seçkisində namizədliyini irəli sürmək istəyən Rəşad Məcid Azərbaycan nümayəndə heyətinin mandatının ləğvinə inanmır, çünki o, parlament seçkisinin demokratik keçəcəyinə ümidlidir.



“Gün-Səhər” qəzetinin baş redaktor müavini Qabil Abbasoğlu isə AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının ləğvinin mümkün olduğunu qeyd edir, Yunanıstanla bağlı eyni təcrübəni misal çəkir. Ancaq belə bir hal Azərbaycanla bağlı baş verərsə, bunun üçün məsuliyyəti hökumətin üzərinə qoyur.



Qabil Abbasoğlu indi Azərbaycanla bağlı vəziyyətin ötən prezident seçkisindən sonrakı müddətlə müqayisədə fərqli olduğunu deyir. Onun fikrincə, prezident seçkisi zamanı böyük dövlətlər, beynəlxalq təşkilatlar daha çox Azərbaycanda sabitliyin formalaşmasında maraqlı idilər və bu yöndə onların fikri üst-üstə düşürdü. Parlament seçkisi zamanı isə cəmiyyətin demokratikləşməsi imkanları daha çox üzə çıxır.



Hüquq müdafiəçisi Murad Sadəddinov da parlament seçkisinin ədalətsiz, qeyri-demokratik keçəcəyi halda Azərbaycan nümayəndə heyətinin mandatının ləğv olunacağını istisna etmir. O, Avropa Şurasının Azərbaycanda parlament seçkisini daha geniş formada müşahidə edəcəyini deyir.



“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid güman edir ki, Azərbaycanda son vaxtlar baş verən müsbət dəyişiklikləri nəzərə alaraq Avropa Şurasının Azərbaycanla bağlı müzakirələri elə də problemli olmayacaq.



“Gün-Səhər” qəzetinin baş redaktor müavini Qabil Abbasoğlu Avropa Şurasının Azərbaycanla bağlı qətnamələrinin əhəmiyyətini nə şişirtmək, nə də azaltmaq tərəfdarı olduğunu deyir, eyni zamanda həmin sənədlərin Azərbaycanda demokratik proseslərə müsbət təsirini istisna etmir.



Hüquq müdafiəçisi Murad Sadəddinov da AŞPA-nın Azərbaycanla bağlı son qətnamə layihələrinin artıq müsbət nəticələr verdiyini qeyd edir, sərbəst toplaşma azadlığının yerinə yetirilməsi yönündə, siyasi məhbuslarla bağlı görülən işləri misal çəkir.



AŞPA-nın Azərbaycanda demokratik təsisatların işi ilə bağlı qətnamə layihəsində o da vurğulanır ki, 2005-ci ilin parlament seçkisi Azərbaycanın demokratik nüfuzunun təsdiqi üçün bir sınaqdır. Bu ölkə 2001-ci ildə Avropa Şurasına üzv olandan bəri keçirilmiş bütün seçkilər əsas demokratik seçki standartlarına uyğun gəlməyib.
XS
SM
MD
LG