Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:39

«Azadlıq» blokunun yürüş-mitinqinə icazə verildi


Səs: Real audio
Meriya aksiyaçıların qarşısında dövlət əleyhinə şüarlar səsləndirməmək şərti qoyub ADP-AXCP-Müsavat partiyalarının daxil olduğu «Azadlıq» seçki blokunun iyunun 18-də keçirmək istədiyi yürüş-mitinqə icazə verildi.



İyunun 16-da Bakı Şəhər İcra Hakimiyyətinda müxalifətin iyunun 8-də etdiyi müraciətə baxılaraq müsbət qərar çıxarılıb.



Yürüş-mitinq iyunun 18-i «20 Yanvar» meydanında başlayaraq Dövlət Filmfondunun binasının qarşısında bitəcək.



Aksiyaya «Azadlıq» seçki blokuna daxil olan qurumlardan başqa Ümid və Vəhdət partiyaları da qoşulacaq. Xəbəri blokun Mitinq Komitəsinin üzvü, AXCP sədrinin müavini Həsən Kərimov verdi.



Onun sözlərinə görə, meriya aksiyaçıların qarşısında dövlət əleyhinə şüarlar səsləndirməmək şərti qoyub.



Mitinqçilərin «Korrupsiyaya yox deyək!», «Azad seçki», «Jurnalist Elmar Hüseynovun qatilləri tapılsın!» və s. məzmunda şüarlar səsləndirəcəyi gözlənilir.



Cənab Kərimovun sözlərinə görə, aksiyada narıncı rəngli bayraqlar qaldırılacaq, mitinqçilər eyni rəngli paltarlar geyinəcəklər. Partiyaların bayraqlarının üstünə narıncı lentlər bağlanacaq.



Bu arada isə ADP-AXCP-Müsavat partiyalarının Sumqayıt şəhər təşkilatlarının iyunun 16-a nəzərdə tutduqları yürüş-mitinqi keçirməyəcəkləri məlum olub.



Müsavat Partiyasından aldığımız məlumata görə, əyalət müxalifətçiləri Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə aksiyanın yeri barədə razılığa gəlməyiblər.



Sumqayıt müxalifətçilərinə yürüş-mitinqin yeri kimi «İnşaatçılar» stadionu təklif edilsə də, onlar aksiyanı şəhərin mərkəzində keçirmək istəyirdilər.



Verilən xəbərə görə, aksiya qeyri-müəyyən vaxta keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG