Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:15

Şimal bölgələrində ağacları qurd məhv edir


Səs: Real audio
Prezident İlham Əliyev ölkədəki sabitliyi pozmaq istəyənlərin cəzalanacagını deyir Şamaxı-İsmayıllı-Qəbələ zonasında yayılan həşəratın adı qabıqyeyən qurddur. Bu böcək çox təhlükəli ziyanverici sayılır. Uzunluğu 1 santimetrdir. Əsasən ağacların qabıqları altında və oduncağında yaşayır. Ona görə də meşələrə və bağlara böyük ziyan vurur, qida mənbəyi kimi seçdiyi ağacları qurudur.



Qəbələ rayon sakini Rövşən Qocayev deyir ki, qabıqyeyən qurd onun həyətindəki şabalıd ağaclarını da məhv edib. Onun sözlərinə görə, şabalıd və qoz ağaclarının barı onun yaşadığı bölgədə əhalinin əsas qazanc mənbələrindəndir və ziyanverici həşəratlar əhaliyə həm də bu mənada maddi ziyan vurur.



Problem artıq kifayət qədər ciddiləşib və hətta parlamentin son iclasında da qaldırılıb. Millət vəkili Musa Musayev parlament sədri Murtuz Ələsgərova müraciət edib və dövlət orqanlarının ziyanverici həşəratlara qarşı mübarizəni gücləndirməsini istəyib.



Qəbələ rayon sakini Rövşən Qocayev deyir ki, o, ekoloqların qabıqyeyən qurdla mübarizə aparmasının şahidi olmayıb. Hətta bu məsələ ilə bağlı yerli icra hakimiyyəti orqanlarına da müraciət edib, amma nəticəsi olmayıb.



Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə deyir ki, qabıqyeyən qurdla mübarizə aparılır, amma bu çox çətin bir işdir. Çünki, onun bildirdiyinə görə, bu həşaratlar qapalı həyat tərzinə malikdir. Yəni, ağacın gövdəsində yaşayırlar, buna görə də onlara qarşı kimyəvi metodların tətbiq edilməsi çox da effekt vermir. Digər tərəfdən isə meşələrdə kimyəvi metodların tətbiqi başqa canlılara da mənfi təsir edə bilər.



Hüseynqulu Bağırov deyir ki, bütün bunlara görə onlar təbii mübarizə üsullarına üstünlük verirlər – qabıqyeyən qurdla qidalanan quşlar üçün meşələrdə əlverişli mühit yaradırlar, minlərlə quş damları quraşdırıblar.



Qabıqyeyən qurdların artması və yeni ərazilərə yayılmasının qarşısını almaq üçün istifadə olunan mübarizə üsullarından biri də onların xətər toxundurduqları ağacların kəsilib yandırılmasıdır. Amma Hüseynqulu Bağırov deyir ki, bunu etmək artıq gecdir, çünki, ziyanvericilərin yayıldığı ərazi çox genişdir.



Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova isə hesab edir ki, qabıqyeyən qurdları təkcə onların təbii düşməni olan quşlara yuva düzəltməklə zərərsizləşdirmək olmaz, burada kompleks tədbirlər görülməlidir. Yəni, həmin quşların artırılması üçün inkubatorlar da olmalıdır.



Fəridə Hüseynova deyir ki, qabıqyeyən qurdların təbii düşməni olan quşlardan istifadə kompleks xarakterli olmalı və ziyanvericilərin yayıldığı bütün bölgələri əhatə etməlidir.



Onun sözlərinə görə, Qəbələ Radiolokasiya Stansiyası həmin ərazinin ekologiyasına mənfi təsir edir, ətrafa yayılan elektromaqnit dalğaları orada yaşayan quşların başqa bölgələrə uçub getməsinə səbəb olur və beləliklə də ziyanverici həşəratların artması üçün münbit şərait yaranır.
XS
SM
MD
LG