Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:51

AŞ PA-nın iyun sessiyasınadək əfv fərmanı ola bilər


Səs: Real audio
Müsavat partiyası isə bunu «qara piar» adlandırır İyunun 11-də Azərbaycan hökuməti ilə hüquq müdafiəçiləri arasında siyasi məhbus məsələsinə dair memorandumun imzalanmasını tərəflər müxtəlif cür izah edirlər.



Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus hesab edir ki, bu daha çox hakimiyyətin narahatlığı ilə bağlıdır. Onun fikrincə, Avropa Şurası qarşısında öhdəlik götürən hakimiyyət iyunun 20-də başlayacaq AŞ PA-nın sessiyasında özünü pis vəziyyətə salmaq istəmir. Çünki, Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Malkolm Bryus ötən ay Azərbaycanda hələ 107 nəfərin siyasi əqidəsinə görə həbsdə olduğunu bildirib.



Leyla Yunus hesab edir ki, hakimiyyət necə olursa-olsun siyasi məhbus məsələsini gündəlikdən çıxarmaq istəyir. Hüquq müdafiəçisinə görə, bu gərginlik sessiyaya qədər yeni əfv fərmanının imzalanmasıyla aradan götürülə bilər ki, tərəflər həmin məsələni də müzakirə ediblər. Elə bu baxımdan da Leyla Yunus AŞ PA–nın iyun sessiyasına qədər əfv fərmanının imzalanacağını istisna etmir.



Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva isə deyir ki, cənab Bryus bundan əvvəl də dəfələrlə məruzə hazırlayıb. Ondan əvvəl siyasi məhbus məsələsi ilə bağlı Corc Klerfaytın da məruzəsi olub, amma həmin vaxtlar hakimiyyətlə hüquq müdafiəçiləri arasında müzakirə aparılmayıb. Elə bu baxımdan da, xanım Hacıyeva bunu Azərbaycan prezidentinin xoş məramı hesab edir.



“Bu görüş müəyyən mənada iyun sessiyası ilə bağlıdırsa, digər bir tərəfdən də xoş məramın, xoş niyyətin olmasından irəli gəlir”.



Qaldı ki hakimiyyətin siyasi məhbus məsələsini etiraf edib-etməməsinə, Gültəkin Hacıyeva deyir ki, hakimiyyət belə bir etiraf səsləndirməyib. Onlar əvvəlkitək hesab edirlər ki, Azərbaycanda bir nəfər də olsun siyasi məhbus yoxdur.



Amma Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus deyir ki, əslində, elə memorandum bu etirafdan sonra imzalanıb.
XS
SM
MD
LG