Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:24

Avropa Şurası seçkilərdə QHT-lərin köməyindən istifadə etmək niyyətindədir


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir İyunun 9-da Avropa Şurası Azərbaycanda keçiriləcək parlament seçkiləriylə bağlı fəaliyyət planınını təqdim edib.



Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq bildirib ki, seçicilərin fəallığının artırılması, mətbuat və hakimlər üçün seminarların, həmçinin Avropa Şurasına üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə Bakıda geniş konfransın keçirilməsi və s. bu plana daxildir.



Avropa Şurası seçkilərə qədər «İnformasiya azadlığı haqqında» qanunun qəbul edilməsini, televiziyalarda seçkiqabağı hamıya bərabər şərait yaradılmasını istəyir. Mats Lindberq deyir ki, onlar daha çox İctimai Televiziyanın üstündə dayanırlar.



«KİV-də hər kəsə bərabər seçki kampaniyasını keçirmək üçün çıxış verilməsi vacibdir. Avropa Şurası buna görə də təkid edir ki, sözün əsl mənasında müstəqil İctimai TV yaradılsın, orada hamıya eyni hüquqlar verilmiş olsun».



Mətbuat Şurasının sədri Əflatun Amaşov da deyir ki, balanslaşmış fikri namizədlər daha çox İctimai Televizayadan gözləyir. İTV-nin fəaliyyəti isə yubanmaqdadır.



«Deyilənə görə, İctimai Televiziya avqustun ikinci yarısında fəaliyyətə başlayacaq. Digər televiziyalar kommersiya televiziyalarıdır. Cəmiyyət daha çox balanslaşmanı İTV-dən gözləyir. Əgər öhdəliklərini tam yerinə yetirsələr, seçicilər bundan faydalanacaq».



Avropa Şurasının planında keçiriləcək tədbirlərdə, aparılacaq monitorinqlərdə qeyri-hökumət təşkilatlarının köməyindən istifadə olunacağı deyilir. Mats Lindberq bildirir ki, pozuntuların qarşısının alınmasında siyasi partiya və QHT-lərin fəaliyyəti Gürcüstandakı seçkilərdə çox fəal olub.



Azərbaycandakı qeyri-hökumət təşkilatları da seçkilərə fəal hazırlaşdıqlarını deyirlər. Qrant tapıb-tapmamalarına gəldikdə isə, məsələn, Seçki Monitorinq Mərkəzinin koordinatoru Elgün Tağıyev deyir ki, əvvəlki seçki illərindən fərqli olaraq, bu il daha çox qrantlar ayrılır.



Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Əli Quliyev isə o fikirdədir ki, bu sahədə hələ fəallıq görünmür. Bir tərəfdən QHT-lərin fəaliyyətinə geniş yer ayrılır, digər tərəfdən maneələr qalır. Belə ki, onlar xarici donorlar hesabına maliyyələşdikləri üçün seçkiləri müşahidə etmələrinə icazə verilmir.



Bu problemlə bağlı QHT-lər Konstitusiya Məhkəməsinə üç dəfə müraciət ediblər. Ancaq nəticəsi müsbət olmayıb. Onlar ümidlərini də itirmirlər. Fikirləşirlər ki, Seçki Məcəlləsinə dəyişikliklər məsələsinə baxılanda bu məsələ də müsbət həll olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG