Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:42

Mütəxəssislər Alberto Torresin məşqçilik fəaliyyətini uğursuz sayırlar


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir Yerli mütəxəssislər 1 il 6 ay ərzində Karlos Alberto Torresin Azərbaycanın futbol üzrə yığma komandasında məşqçilik fəaliyyətini heç də uğurlu saymırlar. Hərçənd Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti Elşad Nəsirov deyir ki, cənab Torresin məşqçiliyinin ilk aylarında yığma komanda bir sıra yoldaşlıq görüşlərində çox yaxşı təsir baxışlayıb. Bununla belə, Elşad Nəsirov da hesab edir ki, dünya çempionatının qrup mərhələsində Azərbaycan yığması yoldaşlıq görüşlərində göstərdiyi oyunlardan qat-qat aşağı səviyyədə çıxış edib. Elşad Nəsirov deyir ki, bir il yarım əvvəl Azərbaycan futbolu ilə bağlı dünyada bir məlumatsızlıq hökm sürürdü. AFFA rəhbərliyi bu seçimlə dünya çempionu – Braziliya yığma komandasının keçmiş kapitanı Torresin adından istifadə edib bir növ Azərbaycan futbolunu tanıtmaq istəyirdi.



Mətbuatda Karlos Alberto Torresi tənqid etdiyinə görə yığma komandanın son 3 oynuna çağrılmayan «Neftiçi» futbol klubunun üzvü Mahmud Qurbanov isə deyir ki, braziliyalı mütəxəssisin baş məşqçilik fəaliyyəti Azərbaycan futboluna reklam yox, anti-reklam olub.



“Mən başa düşmürəm 8:0 uduza-uduza necə reklam olunmaq olar. Komanda 8:0 uduzanda baş məşqçinin ad-sanına baxmırlar. Mənə elə gəlir ki, yalnız oyunda qələbə qazanmaqla ad-san qazanmaq olar”.



AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov da hesab edir ki, Torresin ad-sanı Azərbaycan futboluna yaxşı heç nə verməyib. Əksinə, futbol üzrə yığma komanda bu 1 il 6 ayda çox acınacaqlı vəziyyətə düşüb.



Çingiz İsmayılov deyir ki, Karlos Alberto Torresin məşqçilik fəaliyyəti Azərbaycan yığmasına təkcə böyük hesablı məğlubiyyətlər bəxş etmədi. O, Polşa millisi ilə oyunda 4-cü hakimə əl qaldırdığından FIFA Azərbaycana qarşı çox sərt sanksiyalar tətbiq edə bilər.



Yeni məşqçinin kim olacağı isə hələ ki, məlum deyil. AFFA-nın vitse prezidenti Elşad Nəsirov deyir ki, hələ heç bir namizədin adını açıqlamaq istəmirlər. Onun sözlərinə görə, yeni baş məşqçi yerli də, əcnəbi də ola bilər.



«Neftiçi» klubunun keçmiş üzvü Maşallah Əhmədov deyir ki, baş məşqçi kim gətirilirsə-gətirilsin yığmada elə bir dönüş yaranmayacaq. Çünki, AFFA-ya qeyri-peşəkar insanlar rəhbərlik edir və Azərbaycan futbolunu onlarla inkişaf etdirmək mümkün deyil.



AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov isə deyir ki, yığmanın gələcək baş məşqçisi mütləq Azərbaycan futbolunu tanımalıdır. Bundan başqa, klublar yerli futbolçulara üstünlük verməlidirlər. Əgər klublar bir qayda olaraq əcnəbilərə üstünlük verirlərsə, onda yığmaya layiq futbolçular yetişməyəcək. Üstəlik, AFFA rəhbərliyinin indi tamamilə uşaq futbolunu yaddan çıxarması da Azərbaycan futbolunun sabahına yaxşı heç nə vəd etmir.



Çingiz İsmayılov deyir ki, indiki məğlubiyyətlərin səbəbini həm də AFFA-nın keçmiş rəhbərliyi ilə aparılan çəkişmələrdə axtarmaq lazımdır. Onların 13 illlik fəaliyyətləri ərzində dövlət Azərbaycan futboluna heç bir yardım göstərməyib. Əksinə, 3 il əvvəl «Neftçi» klubuna rəhbərlik edən şəxslərin təşəbbüsü ilə əksər klublar milli çempionatı boykot edəndə dövlət məmurları bu aksiyanı dəstəkləyiblər. Nəticədə isə 400 gün milli çempionatda bir oyun belə keçirilməyib.



Çingiz İsmayılovun sözlərinə görə, bir halda ki, 3 il əvvəl milli çempionatı boykot edən qüvvələr indi futbol federasiyasına rəhbərlik edir, Azərbaycan futbolundan ciddi uğurlar gözləmək sadəlövhlük olardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG