Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:00

Müxalifət əyalətlərdə də mitinq keçirmək istəyir


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir "Üçlər" bloku mitinqləri təkcə Bakıda yox, həm də rayonlarda keçirmək qərarına gəlib.



İqtidarın siyasi kursunu müdafiə edən millət vəkili Zahid Oruc deyir ki, paytaxt hazırda 1990-ci illərin missiyasını daşımır. O vaxtlar Bakıda keçirilən mitinqin əks–sədası bütün əyalətlərə yayılırdı və insanlar həmin mitinqdə baş verənlərin təəssüratı altında yaşayırdılır. Beləliklə də kütləvi şüurda siyasi mövqelər formalaşırdı. Millət vəkilinin fikrincə, indi artıq bu mümkün deyil. Çünki, insanlar onlara yönələn diqqətin arxasında siyasi məqsədlər dayandığını yaxşı dərk edirlər.



Zahid Orucun sözlərinə görə, müxalifət bu addımı atmaqda yalnız öz mənafeyini güdür. Ancaq mitinq keçirib insanların diqqətini ora cəlb etmək, elektoratı təşkilatlandırmaq və onu hakimiyyətə qarşı yönəltmək çətin məsələdir. Sədəcə, müxalifətin başqa yolu olmadığından indi də bu addımı atır. Belə getsə, onun fiziki enerjisi paytaxtda və əyalətlərdə keçirəcəyi aksiyalarda tamamilə tükənəcək. Bu isə hakimiyyətin xeyrinədir.



AXCP sədri Əli Kərimli isə deyir ki, bölgələrdə mitinqlərin məhz indi keçirilməsinin iki səbəbi var. Bu səbəblərdən biri qarşıdakı parlament seçkiləridir. Məlumdur ki, bu seçkilər majoritar sistem üzrə keçiriləcək. Yəni, hər bölgə öz millət vəkilini seçəcək. Bölgələrdə mitinqlərin keçirilməsi buna görə aktualdır.



O ki qaldı niyə indiyə qədər rayonlarda mitinqlərin keçirilməməsi məsələsinə, AXCP sədri deyir ki, bu vaxtacan bir qayda olaraq bölgələrdə vətəndaşların sərbəst toplaşma azadlığına imkan verilməyib. Paytaxtda uğurla keçirilən iki aksiya artıq vətəndaşların bölgələrdə də bu hüquqlarının təmin olunması vaxtının çatdığını təsdiqləyir. Bu məsələdə beynəlxalq təşkilatlar da qərarlıdır.



Əli Kərimli əlavə edir ki, hakimiyyət hər vasitə ilə bölgələrdə əhalinin Azərbaycan müxalifəti ilə təmas qurmasına mane olub. Ancaq bundan sonra həmin qadağalar qırılacaq. Buna ümid çoxdur.



Milli QHT Forumunun sədri Azay Quliyev isə deyir ki, seçkilərdə xüsusi fəallığın olması təbii və anlaşılandır. Ancaq müxalifət öz gücünü göstərməyi, intellektini nümayiş etdirməyi yalnız seçkidən seçkiyə yox, hər zaman bacarmalıdır. Azay Quliyevə görə, müxalifətin mövcudluğu həmişə hiss olunmalıdır. Özü də bu mövcudluq konkret fəaliyyətlə və cəmiyyəti düşündürən məsələləri əhatə etməklə özünü büruzə verməlidir.



Azay Quliyevin fikrincə, Azərbaycanda hələ ki, güclü siyasi müxalifət institutu formalaşmayıb. Müxalifət təkcə mitinq keçirməməlidir. O, bütövlükdə hakimiyyətin həyata keçirdiyi siyasətə öz alternativini qoymalı, biliyi və bacarığı ilə vətəndaşları inandırmağı bacarmalıdır.



Milli QHT Forumunun sədrinin sözlərinə görə, Azərbaycan o vaxt güclü dövlətə çevriləcək ki, orada həm güclü iqtidar, həm də güclü müxalifət olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG