Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:00

Müxalifətin mitinqinə Qərbin marağı nə ilə bağlıdır?


Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır Müxalifətin 21 may mitinqini polis dağıdandan sonra beynəlxalq qurumlar bunu pislədilər, hökuməti əhalinin sərbəst toplaşmaq azadlığını bərpa etməyə çağırdılar. 4 iyun aksiyasına ABŞ Dövlət Departamentindən gələn reaksiyada isə mitinqin dinc keçməsi alqışlanır. Eyni zamanda Azərbaycan hökumətinə belə bir çağırış var ki, ictimai nümayişlərə gələcəkdə də icazə verilsin, payızda olacaq parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilsin.



Müsavat partiyası başqanının müavini Sülhəddin Əkbər Qərbin Azərbaycanda müxalifətin mitinqlərinə bu cür diqqət ayırmasını post-Sovet məkanında demokratikləşmə prosesinin başlamasıyla izah edir. Onun fikrincə, Qərb Azərbaycanda seçkiqabağı vəziyyətdən ciddi narahatdır.



Sülhəddin Əkbər Qərbin Azərbaycan müxalifətinin etiraz aksiyalarına diqqət ayırmasının, Amerika prezidenti Corc Buşun Cənubi Qafqazda demokratik islahatların labüdlüyü ilə bağlı dediklərinin müsbət rolunu vurğulayır. O hesab edir ki, bunun nəinki müxalifətin, bütünlükdə xalqın əhvalına yaxşı təsiri var.



Yeni Azərbaycan partiyasından Səyyad Aran isə müxalifətin mitinqinə xarici marağın arxasında Azərbaycanda qarışıqlıq yaratmaq istəyi durduğunu bildirir.



Politoloq Zəfər Quliyev müxalifətin etiraz aksiyalarına Qərbin marağını onun cəmiyyətin, müxalif dairələrin fəallaşmasında maraqlı olmasıyla izah edir. Onun dediyinə görə, Qərb ölkələri, beynəlxalq təşkilatlar, hətta neft şirkətləri hökumətin siyasətindən, kadr islahatlarından narazıdır.



Zəfər Quliyev deyir ki, mitinqlər gücləndikcə, hakimiyyət bununla hesablaşmalı olacaq, Qərb ölkələri üçün də hakimiyyətə təzyiq edib nəyəsə nail olmaq daha asan olacaq.



YAP-dan Səyyad Aranın dediyinə görə, beynəlxalq dəstək müxalifəti həvəsləndirir. Ancaq o, müxalifəti xarici dəstəyin arxasında duran əsl niyyəti anlamağa çağırır. O, beynəlxalq təşkilatların Azərbaycanda qarşıdurma tərəfdarı olduğunu vurğulayır.



Politoloq Zəfər Quliyevin fikrincə isə, ən mühümü odur ki, müxalifət eyforiyaya qapılmasın. Onun fikrincə, müxalifət cəmiyyətlə işləməlidir.



Zəfər Quliyev müxalifətin hakimiyyətlə dialoqu davam etdirməsinin vacibliyini vurğulayır. Onun bildirdiyinə görə, hökumətdə dialoqa, demokratik islahatlara hazır olan qüvvələr var. Zəfər Quliyev deyir ki, belə kanallar dinc inqilaba yol açır ki, bunda cəmiyyət də maraqlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG