Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

İqtidar-müxalifət dialoqu: “Dialoq yoxdur”


Səs: Real audio
Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri xəbəri nə təsdiq, nə də təkzib edirlər İyunun 1-i AXCP-nin qərargahında hakimiyyət və müxalifət partiyaları arasında növbəti görüş keçirilib. Görüşdə nəinki heç bir irəliləyiş olmayıb, üstəlik Azərbaycan Demokrat partiyasının təmsilçisi Akif Şahbazov müzakirələri yarımçıq tərk edib.



Akif Şahbazovun sözlərinə görə, müxalifət tərəfi müzakirələrə iki bənddən ibarət Anlaşma Memorandumu təklif edib. Ancaq hakimiyyəti təmsil edən partiyalar bildiriblər ki, həmin məsələlərlə bağlı onlar qərar verə bilməzlər.



Akif Şahbazov deyir ki, söhbət sərbəst toplaşmaq azadlığının təmin edilməsindən və Seçki Məcəlləsinin dəyişdirilməsindən gedir. Onun sözlərinə görə, əgər danışıqlar yenə də səlahiyyətsiz şəxslər arasında davam etdiriləcəksə və heç bir konkret məsələ müzakirə olunmayacaqsa, onda Azərbaycan Demokrat partiyası bu prosesdə iştirak etməyəcək.



Görüşdə Yeni Azərbaycan partiyasını təmsil edən millət vəkili Mübariz Qurbanlı isə deyir ki, Akif Şahbazovun müzakirələri yarımçıq tərk etməsi Azərbaycan Demokrat partiyasının dialoqda maraqlı olmadığını göstərir. Mübariz Qurbanlının sözlərinə görə, şəxsən o, nə sərbəst toplaşmaq azadlığına, nə də Seçki Məcəlləsində müəyyən düzəlişlərin edilməsinə qarşı çıxır. Sadəcə, onlar mitinqlərin qanun çərçivəsində keçirilməsini istəyirlər. Bunu isə Bakı şəhər İcra Hakimiyyəti müəyyən edir.



Mübariz Qurbanlı deyir ki, Seçki Məcəlləsinə düzəlişlərin edilməsi də tək onlardan yox, parlamentdən asılıdır. Hətta bu müzakirələrdə Prezident Aparatından məsul bir şəxs iştirak etsəydi də, o, Bakı şəhər İcra Hakimiyyəti və parlamentin yerinə qərar verə bilməzdi.



Görüşə ev sahibliyi edən Azərbaycan Xalq Cəbhəsi partiyası sədrinin müavini Fuad Müstafayev isə deyir ki, dialoq görüntü yaradılmasına, ictimaiyyətin və beynəlxalq təşkilatların aldadılmasına xidmət etməməlidir.



“Dialoq yoxdur. İndi ən yaxşı halda məsləhətləşmə gedir. Hələ ki, bu da bir nəticə vermir”.



Fuad Mustafayevin sözlərinə görə, Xalq Cəbhəsi partiyasının gələcək danışıqlarda iştirak edib-etməməsi partiyadaxili müzakirələrdən sonra bəlli olacaq.



ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi isə deyir ki, bu görüşlər Yeni Azərbaycan partiyasının istəyi ilə başlayıb və danışıqların formatı hər iki tərəf arasında razılaşdırılıb. Cənab Pavesinin sözlərinə görə, danışıqlarda nəticənin əldə edilməsi üçün hər iki tərəfdən siyasi iradə tələb olunur.



Qeyri-Hökumət Təşkilatları Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli də hesab edir ki, danışıqlarda irəliləyişin əldə edilməməsinə görə hər iki tərəf məsuliyyət daşıyır. Ancaq onun sözlərinə görə, ölkədə siyasi münasibətlərin tənzimlənməsi daha çox hakimiyyətdən asılı olduğundan, dialoqun gerçəkləşməsi üçün də məhz hakimiyyət səylərini artırmalıdır.



Anar Məmmədli hesab edir ki, müxalifət də mübarizə üsulları kimi yalnız kütləvi aksiyaların üzərində dayanmamalıdır. Onun sözlərinə görə, müxalifətin beynəlxalq təşkilatlarla əlaqəsi çox zəifdir. Müxalifət belə görüşlərdən imtina etməkdənsə, beynəlxalq təşkilatlarla aparılan işləri gücləndirməli, imkan düşdükcə onların da səylərindən istifadə etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG