Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:52

İnternet, inhisarçılıq... milli təhlükəsizlik


Səs: Real audio
Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri xəbəri nə təsdiq, nə də təkzib edirlər Mayın 31-də Azərbaycanda İnternetə çıxışla bağlı bir neçə saatlıq problem yaranıb. Bəzi ekspertlər bunu çox ciddi problem sayırlar.



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, indi ölkədən beynəlxalq şəbəkəyə çıxışı təmin edən ən böyuk şirkət «Azərsat»dır. Onun bildirdiyinə görə, bu şirkət İnternetə çıxışın təxminən 85 faizinə nəzarət edir və faktiki olaraq bazarda inhisarçıdır. Osman Gündüz deyir ki, bu cür vəziyyət çox təhlükəlidir, çünki, bu şirkətlə bağlı hansısa texniki problem yarananda İnternet istifadəçilərinin böyük hissəsi beynəlxalq şəbəkəyə çıxışdan məhrum olur.



«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev də deyir ki, İnternetə çıxışla bağlı problemlər agentliyin işinə ciddi əngəllər törədir. Xəbərlərin ötürülməsində operativliyin təmin edilməsinə mane olur, həmçinin agentliklə müştərilər arasında narazılıq yaranır. Mehman Əliyev deyir ki, Azərbaycanda İnternet xidmətlərinin dünya standartlarına uyğunlaşdırılması üçün dövlət proqramının hazırlanmasına ehtiyac var.



İnternet Forumun prezidenti Osman Gündüz hesab edir ki, dövlət orqanları ölkədə İnternetlə məşğul olan şirkətlər arasında normal rəqabət yaratmalıdır.



«İnternetə çıxışı təmin edən çoxlu sayda «bək pon» operatorları olmalıdır ki, beynəlxalq şəbəkədən istifadə imkanları genişlənsin».



Onun bildirdiyinə görə, İnternetə çıxışın böyük hissəsinə nəzarət edən «Azərsat» şirkətinin səhmlərinin bir hissəsi dövlətin əlindədir və bu həmin şirkət üçün üstün imkanlar yaradır. Osman Gündüz onu da deyir ki, İnternetdən istifadə həm də milli təhlükəsizliklə bağlı məsələdir: beynəlxalq şəbəkədən həm də dövlət orqanları istifadə edirlər və ən azı buna görə bu sahədə problemlərin olması yolverilməzdir.



Amma «Azərsat» şirkətinin texniki direktoru Rahid Ələkbərli deyir ki, mayın 31-də İnternetə çıxışla bağlı problemin yaranmasını faciə kimi qiymətləndirmək olmaz. Onun fikrincə, belə hallar dünyanın hər bir ölkəsində baş verə bilər.



Rahid Ələkbərli deyir ki, problemlər heç də şirkətin texniki imkanlarının aşağı səviyyədə olması ilə bağlı deyil. Sonuncu insident şirkətin istifadə etdiyi fibrooptik kabelin Finlandiya ilə İsveç arasındakı hissəsində yaranan nasazlıqla bağlıdır.



«Belə hallar dünyanın hər bir ölkəsində baş verə bilər»



Dövlətin «Azərsat» üçün üstün imkanlar yaratması ilə bağlı ittihamlara gəlincə, Rahid Ələkbərli bununla da razılaşmır. Onun sözlərinə görə, sadəcə, «Azərsat» daha keyfiyyətli xidmət göstərdiyi üçün provayderlər onların xidmətindən istifadə etməyə üstünlük verirlər.



İnternet Forumun prezidenti Osman Gündüzün bildirdiyinə görə, İnternetə çıxışla bağlı çətinliklər ilk baxışda bəzilərinə elə də böyük problem kimi görünməsə də, getdikcə bu sahənin əhəmiyyəti artır. Onun fikrincə, əgər dövlət indidən bu problemin həlli yönündə ciddi tədbirlər görməsə, gələcəkdə vəziyyət bir qədər də ağırlaşa bilər.



«İndi cəmiyyətdə elə bir təbəqə formalaşıb ki, həmin insanların gündəlik həyatı İnternetsiz mümkün deyil. Hər gün beynəlxalq şəbəkə vasitəsilə məktublaşanlar, alış-veriş edənlər, distant təhsil alanlar, xəbər ötürənlər var ki, İnternetin işləməməsi onlar üçün ciddi problemlər yaradır. Və bu təbəqə getdikcə genişlənir».



İlin əvvəlindən bəri İnternetə çıxışla bağlı bir neçə dəfə problem yaranıb. Sonuncu belə problemlər mayın 31-də, ondan əvvəlsə aprelin sonunda baş vermişdi.
XS
SM
MD
LG