Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:30

“Bugünkü Bakıdan razısınızmı?” Sualı tələbələr cavablandırır


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Salam, “14-24”də sıra debatçılarındır. Paytaxt Bakının müzakirəsi böyüklərin – məmurların, alimlərin dilindən düşmür. Bu gün debatçı qonaqlarımız da onlardan eşitdikləri arqumentlərin müzakirəsinə girişiblər. Qonaqlarımız debatçı tələbələr Fəqan Yaqubov və Gülnar Atakişiyevadır.



Fəqan Yaqubov: “Bugünkü Bakıdan mən narazıyam. Bu gün Bakının çox böyük problemləri var. Ən əsas problem odur ki, bu gün Bakı ərazisində müharibə gedən ölkənin paytaxtına bənzəmir. Xəzər dənizinin getdikcə çirklənməsi, avtomobillərin sayının günü-gündən artması ekologiyaya vurulan ziyandır”.



Gülnar Atakişiyeva: “Mən bu gün Bakının vəziyyətindən razıyam. Mənə elə gəlir ki, bu gün Bakıda yetərincə abadlıq, təmizlik işləri görülür. 2-3 il bundan əvvəl küçə bazarları var idisə, artıq onlar yığışdırılıb. Küçələr işıqlandırılıb”.



Fəqan Yaqubov: “Bakıda həm də tariximizə qarşı laqeydlik var. Bakı şəhərində İçərişəhər deyilən tarixi məkanımız var ki, bu, bütün dünyaya səs salan tarixi abidədir. Amma gəlin görək, bu tarixi abidəyə münasibət necədir. Səfirliklərin, xarici təşkilatların İçərişəhərdə yerləşdirilməsi nə dərəcədə düzgündür?”



Gülnar Atakişiyeva: “Sizə elə gəlmir ki, İçərişəhərdə xarici təşkilatların yerləşdirilməsi məhz Azərbaycanın qədim abidələrinin xaricilər tərəfindən tanınmasına xidmət edir?”



Fəqan Yaqubov: “İçərişəhərdə yeni-yeni tikililərin aparılması, oradakı abidələrin dağıdılması tariximizə diqqəti yox, laqeydliyi göstərir”.



Gülnar Atakişiyeva: “Siz bayaq qeyd etdiniz ki, Azərbaycan müharibə şəraitində olsa da, Bakıda bu hiss olunmur. Bakını müharibə şəraitində olan bir dövlətin paytaxtı kimi qələmə versək, Sizə belə bir sualım var: Siz sahibkar olsanız, ərazisində sabitlik olan ölkənin paytaxtına pul xərclərdiz, yoxsa müharibə?”



Fəqan Yaqubov: “Bunu deməkdə məqsədim Bakıda xarici investorların qarşısını almaq deyil. Məsələ belədir ki, Bakının əhalisini turistlərdən çox Azərbaycan türkləri təşkil edir. 8 milyondan artıq əhalinin 3 milyonu Bakıda yaşayırsa, məhz burada güclü təbliğat qurmalıyıq. Amma nəzər salaq görək, bu gün biz hansı səviyyədə təbliğat aparırıq. Məgər Şəhidlər Xiyabanında ingilis dilində bir tablo vurmaq və ya böyük bir monitor qoyub tarixi faciələrimizi xarici vətəndaşlara nümayiş etdirmək çoxmu çətindir?”



Gülnar Atakişiyeva: “Heç bir şey problemsiz olmur. Mən arzu edirəm ki, bu problemlər aradan qaldırılsın və Bakı o dərəcədə gözəlləşsin ki, Sizin kimi narazı insanlar olmasın. Bakı ən qədim, gözəl şəhər olmaqla bərabər həm də müasir şəhərdir. Mən fəxr edirəm ki, Bakı kimi güzəl şəhərin sakiniyəm”.
XS
SM
MD
LG