Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:50

BP Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərarında maraqlıdır


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir “BP Azərbaycan” şirkətinin rəhbəri Devid Vudvord müxalifətin 21 may mitinqi zamanı baş verənlərlə bağlı təəssüfünü bildirib. Deyib ki, yüksək çinli rəsmilərin Bakıya BTC kəmərinin açılış mərasiminə gəlişi ərəfəsində kiçik yürüş-mitinqin keçirilməsinə hökumətin icazə verməməsi onu təəccübləndirir.



Devid Vudvord hökumətin korrupsiyayla mübarizə, neft sənayesində şəffaflıqla bağlı gördüyü işləri təqdir edib, ancaq onu da vurğulayıb ki, “köhnə qvardiya”dan olanlar (keçmiş prezident Heydər Əliyevin ölümündən sonra hakimiyyətdə qalanlar) islahatları görmək istəmirlər, öz maraqlarını həyata keçirməyə çalışırlar.



“BP Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyir ki, Devid Vudvordun dediklərini yerli mətbuat təhrif edib, ancaq onun “France Press”ə verdiyi müsahibənin ingiliscə mətni dəqiqdir. Eyni zamanda Tamam Bayatlının bildirdiyinə görə, əslində, cənab Vudvordun bu dedikləri ilk dəfə səslənmir.



Tamam Bayatlının dediyinə görə, BP şirkəti Azərbaycan hökumətinin apardığı iqtisadi, vətəndaş cəmiyyətinin inkişafı yönündəki islahatları dəstəkləyir və onların daha da sürətləndirilməsinə çalışır.



Tamam Bayatlı BP-nin Azərbaycanda siyasətə qarışmadığını bildirir. O deyir ki, BP kommersiya şirkətidir, o, Azərbaycanda iri neft layihələri həyata keçirir, ancaq eyni zamanda bu şirkət dünyanın hər yerində olduğu kimi Azərbaycanda da güclü vətəndaş cəmiyyətinin yaranmasında maraqlıdır.



“Ayna – Zerkalo” qəzetinin şərhçisi Azər Rəşidoğlu isə BP-nin işlədiyi ölkələrdə həmişə siyasətə qarışdığını, hətta BP-nin Azərbaycanın “ikinci hakimiyyəti” adlandırıldığını və bunun təsadüfi olmadığını bildirir.



Azər Rəşidoğlu son vaxtlar Azərbaycan hökuməti ilə BP arasında müəyyən problemlərin olduğunu deyir və iqtidaryönlü deputatların BP əleyhinə çıxışlarını bununla izah edir. Onun fikrincə, BP Azərbaycanda siyasi sabitliyin pozulacağından narahatdır və Devid Vudvordun müxalifətin mitinqinə münasibət bildirməsi beynəlxalq təşkilatların son vaxtlar Azərbaycan hökumətinə ünvanladığı tənqidlərlə əlaqədardır.



BP-nin hazırkı hökumətlə əlaqələrində iddia olunan problemlərə gəlincə, Azər Rəşidoğlu bunu mərhum prezident Heydər Əliyevdən fərqli olaraq, İlham Əliyevin geosiyasətdə yol verdiyi səhvlərlə, atası kimi Qərblə Rusiyanın maraqlarını uzlaşdıra bilməməsi ilə izah edir.



Azər Rəşidoğlu Devid Vudvordun dediklərini Rusiyanın maraqlarını həyata keçirənlərə əks-hücum, Azərbaycan hakimiyyətinə mesaj kimi qiymətləndirir.



O, 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra Böyük Britaniyanın “Sunday Times” qəzetində qalmaqala səbəb olmuş yazını xatırladır. Həmin yazıda Elçibəy hökumətini BP şirkətinin devirdiyi iddia olunurdu.



Müstəqil ekspert Zəfər Quliyevsə BP-nin prezidenti Devid Vudvordun dediklərinin cəmiyyətə ünvanlandığını bildirir. Onun fikrincə, BP neft maraqlarını həyata keçirəndən sonra indi daha çox öz imicini düşünür, cəmiyyətin rəğbətini qazanmağa çalışır.



Zəfər Quliyev deyir ki, BP-nin 2003-cü ilin prezident seçkilərindən sonrakı mövqeyi həm yerli, həm də beynəlxalq mətbuat tərəfindən tənqid olunmuşdu. BP indi bu səhvini düzəltməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG