Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:40

M. Bryus: “Azərbaycanda insanlar hələ də siyasi baxışlarına görə həbs olunur”


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Mayın 23-24-də Kiprdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin iclası keçirilir. Toplantıda Komitənin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, Britaniya parlamentinin üzvü Malkolm Bryusun hesabatı müzakirə olunur. Cənab Bryus “Azadlıq” radiosuna müsahibəsində bildirir ki, hesabat təsdiq olunmaq üzrədir.



Britaniyalı deputatın məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasına təqdim olunacaq bu hesabat Azərbaycan hökumətini o biri siyasi məhbusları azad etməyə çağırır və bunun yollarını göstərir.



İclasda Azərbaycanı millət vəkili Gültəkin Hacıyeva təmsil edir. Onun xahişi ilə sənəddə iki düzəliş edilib.



Cənab Bryus deyir ki, bu sənəd onun Azərbaycandakı siyasi məhbuslarla bağlı yekun hesabatıdır.



“Biz hesab edirik ki, Azərbaycanda ekspertlərin siyasi məhbus hesab etdiyi 3 adam hələ də həbsdədir. Digər məhbuslar var ki, biz cəzalarının üçdə ikisini çəkdiyinə və ya səhhətinə görə onların azad olunmasını tövsiyə edirik. Biz Azərbaycana qayıda bilməyən mühacirlərin taleyindən də narahatıq. Onları vətənə qayıtdıqları vaxt dərhal həbs təhlükəsi gözləyir. Onlarla bağlı çıxarılmış qərarlar Azərbaycanın Avropa Şurasına üzvlüyündən əvvəlki dövrə təsadüf etdiyindən bu şəxslər Avropa İnsan Haqları Konvensiyasının təsiri altına düşmürlər. Biz mühacirlərə amnistiya verilməsinə çağırırıq”.



Cənab Malkolm Bryus bildirir ki, Azərbaycanda siyasi proseslərdə iştirak edən adamlar bu gün də həbs olunur. Müxalif fikirli adamların davamlı olaraq həbs olunduğu bir şəraitdə Azərbaycanın necə azad və ədalətli seçki keçirəcəyini təsəvvür etmək çətindir.



Malkolm Bryus deyir ki, yaranmış vəziyyət Azərbaycanda yeni siyasi məhbusların yaranmasına gətirib çıxara bilər. Halbuki, Azərbaycan plüralizm, demokratiya və insan haqlarıyla bağlı üzərinə öhdəliklər götürüb və Avropa Şurası bu dəyərlərin reallaşması üçün Azərbaycanla işləmək istəyir.



Malkolm Bryus hesab edir ki, müxalifətin dinc nümayişlərinə icazə verilməlidir. Lakin müxalifət də məsuliyyətli olmalı, hökumətlə zorakı qarşıdurmaya getməməlidir.



“Müxalifətin azad və ədalətli seçki üçün təşkilatlanma və dinc nümayiş keçirmək haqqı olmalıdır. Bu, demokratiyanın əsaslarından biridir. Əlbəttə, hakimiyyət özünə təhlükə hiss edir. Ona görə də müxalifət məsuliyyətli olmalı, öz hərəkətləriylə hakimiyyətə onları əzmək üçün bəhanə verməməlidir. Lakin aydın görünür ki, hakimiyyət müxalifətin fəalliyyətini çox ciddi şəkildə məhdudlaşdırmaqdadır”.



Hökumətin müxalifətin mitinq-yürüşünə rədd cavabını Bakı-Tbilisi Ceyhan neft kəmərinin açılış mərasimi ilə əlaqələndirməsinə münasibət bildirən avropalı parlamentar Britaniya hökumətinə neft və demokratiya məsələsində daha həssas olmağı tövsiyə edir.



“Britaniya hökumətinin neft kəmərinin inauqurasiyasında iştirak edəcək şirkətləri müdafiə etmək istəyi ola bilər. Lakin Britaniya plüralizm və qanunun aliliyinə riayət etməyən hökuməti dəstəkləməməlidir. Mən Britaniya hökumətini bu məsələdə tez-tez tənqid edirəm ki, hökümət mövqeyində ardıcıl deyil və gəmini silkələmək istəmir. Britaniya hökuməti biznes apardığı ölkəni tənqid etməmək tendensiyasına malikdir. Ancaq qanuna imza atan bütün dövlətlər öhdəliklərinə əməl etməlidirlər və Britaniya hökuməti bunu açıq bildirməlidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG