Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:37

Mitinqin özü müzakirə mövzusuna çevrilib


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Müsavat partiyasından bildirirlər ki, müxalifətin iyunun 4-də mitinq keçirmək qərarı hələ ilkin qərardır. Yəni, bu aksiyanın keçirilmə vaxtı dəyişdirilə də bilər.



Müsavat partiyası başqanının birinci müavini Vurğun Əyyub deyir ki, bunun üçün hakimiyyət 15 iyuna qədər aksiyalara niyə icazə verilməməsinə aydınlıq gətirməli və bu məsələni əsaslandırmalıdır. O hesab edir ki, vətəndaşların sərbəst toplaşma azadlığı konstitusiyada təsbit olunduğundan belə məhdudiyyətlər anlaşılmazdır.



Sərbəst toplaşma azadlığına şərait yaradılmamasını beynəlxalq aləmdə Azərbaycanın imicinə vurulan zərbə kimi qiymətləndirən Vurğun Əyyub deyir ki, onların bununla barışmaq fikirləri yoxdur.



“Üçlər” seçki blokundan fərqli olaraq, Prezident Aparatı ictimai –siyasi şöbənin müdir müavini Nazim İsayev partiyaların mitinq qərarını iqtidara əlavə təzyiq vasitəsi sayır. O hesab edir ki, prinsipial məsələlərlə bağlı tərəflər arasında müzakirələr getdiyi bir vaxtda belə bir narazılıq olmamalıdır. Digər tərəfdən, müxalifət sabitliyi pozmayacağına söz verməlidir.



Nazim İsayevə görə, müxalifət problemləri həll etmək üçün mitinqə deyil, dialoqa cəhd etməlidir.



Siyasətçilərdən fərqli olaraq, ekspertlər məsələyə başqa cür yanaşırlar.



“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu tərəflər arasındakı fikir ayrılığını görünən qarşıdurmanın konturları hesab edir. Onun sözlərinə görə, bir tərəfdən, hakimiyyət aksiyaya niyə icazə vermədiyini açıq şəkildə əsaslandırmır, digər tərəfdən də, müxalifət 21 mayda olduğu kimi 4 iyun qərarından geri çəkilmək istəmir.



Qarşıdurmanın yaranmaması üçün tərəflərin bir-birinə edəcəyi güzəştlərə gəlincə, Ərəstun Oruclu hesab edir ki, ilk olaraq Seçki Məcəlləsi ilə bağlı məsələlər tərəflər arasında müzakirə olunmalıdır. Bu müzakirələri beynəlxalq təşkilatlar da Azərbaycan hökumətindən tələb edir.



Qaldı ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə mayın 18-də hakim Yeni Azərbaycan partiyasıyla bir neçə müxalifət partiyası arasında imzalanan sənədin taleyinə, Ərəstun Oruclu bu razılaşma üçün ciddi təhlükə görmür.
XS
SM
MD
LG