Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:44

Son qarşıdurmadan sonra iqtidar-müxalifət dialoqu davam edəcəkmi?


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir «Panorama»nın bu bazar qonaqları Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü, millət vəkili Vaqif Abdullayev və Azərbaycan Xalq Cəbhəsi partiyası sədrinin müavini Bahəddin Həziyevdir. Söhbətdə həmçinin keçən verilişlərimizdə olduğu kimi «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu və «Xalq qəzeti»nin əməkdaşı Qalib Arif də iştirak edir.



Söhbətdə əsasən mayın 21-də 3 müxalifət partiyası – Müsavat, ADP və AXCP-nin şəhər rəhbərliyi ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərməsi və bu zaman yaşanan qarşıdurmadan bəhs olunur.



YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev deyir ki, mayın 25-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açlışı olacağından şəhər rəhbərliyi aksiyaya icazə verməməkdə tam haqlı idi.



AXCP təmsilçisi Bahəddin Həziyev isə bu səbəbi bəhanə adlandırır.



Qonaqlar həmçinin bu qarşıdurmadan sonra iqtidar-müxalifət dialoqunun davam edib-etməyəcəyi və hadisələrin mümkün inkişafı ilə bağlı sualları cavablandırırlar.



Daha ətraflı Audio hissədə



Həftənin mühüm hadisələri:



Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü zirvə toplantısında iştirak etdi. İlham Əliyev toplantının keçirildiyi Varşava şəhərində Erəmənistan prezidenti Robert Koçaryanla da görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi.



Azərbaycanla İran arasında hərbi əməkdaşlığa dair saziş imzalandı. İranın «IrNA» agentliyinin bu ölkənin müdafiə naziri Əli Şamxaniyə istinadən yaydığı xəbərə görə, hər iki tərəf 3-cü ölkənin onların ərazisində hərbi baza yaradaraq digərinə hücum etməsinə yol verməmək haqda öhdəlik götürüblər. Azərbaycan müdafiə nazirliyi isə bunu təkzib etdi.



Bakı şəhər İcra Hakimiyyəti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açlış mərasimini səbəb göstərərək Müsavat, ADP və Xalq Cəbhəsi partiyasının keçirmək istədiyi aksiyaya icazə vermədi.



ATƏT-in təşəbbüsü ilə Yeni Azərbaycan və bir sıra müxalifət partiyası arasında «Davranış Konsensusu» adlı sənəd imzalandı.



Ukraynanın xarici işlər naziri Boris Tarasyuk Bakıya gəldi. O, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə bildirdi ki, Ukrayna Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.



Prezident İlham Əliyev Gəncə və Goranboya səfər etdi. Səfər çərçivəsində yerli problemlərlə tanış olan dövlət başçısı Gəncədə tikiləcək beynəlxalq hava limanının maketi ilə də tanış oldu.



«Freedom House» təşkilatı bəyanat yayaraq Azərbaycandakı seçki ərəfəsi şəraitdən narahatlığını ifadə etdi. Təşkilat Azərbaycan hökumətinə müraciət ünvanlayaraq onu Avropa Şurasının tövsiyələrinə əməl edilməyə çağırdı.



Jurnalistlərin III Qurultayında Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi.



Polis Müsavat, ADP və Azərbaycan Xalq Cəbhəsi Partiyasının icazəsiz aksiyasını dağıtdı. Onlarla aksiya iştirakçısı xəsarət aldı, 30-a qədər şəxsə isə 3 gündən, 5 günə qədər həbs cəzası verildi…



İndi isə bu həftəyə keçək.



Mayın 24-də parlamentin başçısı Mürtuz Ələsgərov Rusiya Federasiyasına səfər etməlidir.



Mayın 25-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açlışı olmalıdır. Bu mərasimlə bağlı Türkiyə və Gürcüstan prezidentləri, habelə ABŞ-ın energetika naziri Azərbaycana gəlməlidir.



Mayın 28-i isə Bakıda və əyalətlərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 87-ci ildönümü rəsmi qaydada qeyd edilməlidir.
XS
SM
MD
LG