Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:07

Prezidentin sərəncamında “paralel səsvermə” ifadəsi nədir?


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” Prezident İlham Əliyevin «Seçki praktikasının təkmilləşdirilməsinə dair» sərəncamındakı 7-ci bənd indi ən müxtəlif şəkildə yozulur.



Sərəncamın sözügedən bəndində icra hakimiyyəti orqanlarına tapşırılır ki, paralel səsvermənin nəticələrinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsinə yardım göstərsinlər.



Mayın 18-i Beynəlxalq Mətbuat Mərkəzində keçirilən dəyirmi masada səslənən fikirlərə görə, bu bənddəki “paralel səsvermə” ifadəsi əslində “paralel səssayma” olmalıdır.



Tədbirin aparıcısı, millət vəkili Zahid Oruc dedi ki, sərəncamın 7-ci bəndində texniki səhvə yol verilib. O, araşdırma nəticəsində müəyyən edib ki, həmin ifadə məhz “paralel səssayma” kimi oxunmalıdır.



Prezident Aparatı ictimai siyasi şöbəsinin müdir müavini Nazim İsayev də sərəncamda səhvə yol verildiyini təsdiqlədi.



Onun sözlərinə görə də, həmin bənddə söhbət paralel səsvermədən yox, səslərin hesablanması prosesinin şəffaflaşdırılmasından gedir.



Bu sərəncam ətrafında müxtəlif yozumlar həm indi üzərində dayanılan texniki səhv, həm də bütövlükdə cəmiyyətdəki fikir rəngarəngliyindən irəli gəlir.



Dəyirmi masadakı müzakirələrdə millət vəkili Zahid Oruc bütövlükdə sərəncamın əhəmiyyətindən danışdı. O qeyd etdi ki, xüsusilə də «ekzit pol»la bağlı 5-ci bənd hakimiyyətin seçkinin demokratik keçirilməsində maraqlı olduğunu göstərir.



Ancaq bu bəndlə bağlı da fərqli fikirlər səsləndi.



Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu dedi ki, seçkidən fərqli olaraq, «ekzit pol» açıq keçirildiyindən müəyyən problemlər meydana çıxa bilər. Yəni, vətəndaşlar gizli səsvermə zamanı öz fikirlərini açıq şəkildə ifadə etdikləri halda «ekzit pol» zamanı bundan çəkinə bilərlər.



Qeyri-Hökumət Təşkilatları Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə dedi ki, «ekzit pol»lar alternativ nəticələrin öyrənilməsi və seçkinin şəffaf keçirilməsi baxımından çox vacibdir. Ancaq «karusel» sistemi – xüsusi hazırlanan dəstələrin bir neçə məntəqədə səsvermə mexanizmi aradan qaldırılmalıdır. Əgər buna imkan verilsə, heç bir yeniliyin ciddi əhəmiyyəti olmayacaq.



Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə dedi ki, əgər sərəncamın 7-ci bəndində doğrudan da söhbət paralel səssaymadan gedirsə, bunun özü də seçkinin azad və ədalətli şəraitdə keçirilməsinə xidmət edə bilər.



Osman Gündüzün sözlərinə görə, bu məsələdə də bir məqam unudulmamalıdır. Həmin bənddə nəzərdə tutulanların həyata keçirilməsi üçün icra hakimiyyətlərinə müəyyən göstərişlər verilir.



Halbuki, o, əmin deyil ki, icra hakimiyyətləri zəruri tədbirlər görmək adı altında istər paralel səssaymaya, istərsə də bütövlükdə seçki prosesinə kobud müdaxilə etməyəcəklər.
XS
SM
MD
LG