Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Milli Məclis dünya ictimaiyyətinə bəyanat ünvanladı


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Mayın 6-da Milli Məclis Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya dövlətləri və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatın mətnini müzakirə etdi.



Bəyanatda Dağlıq Qarabağ probleminə tarixi yanaşma, Ermənistanın Azərbaycan ərazilərini işğal edərkən baş verən hadisələr öz əksini tapıb. Eyni zamanda ATƏT-in Minsk Qrupunun fəaliyyəti kifayət qədər səmərə vermədiyi üçün məsələnin BMT-nin müzakirəsinə çıxarılması istənilir.



Rus, ingilis və fransız dillərində yayılacaq bu sənəddə İslam Konfransı, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların Azərbaycanı bu məsələdə dəstəkləmələri xahiş edilir.



Çıxış edən millət vəkillərinin əksəriyyəti bəyanatın sərtləşdirilməsini təklif etdilər.



Deputat Zahid Oruc isə sənəddə konkret tələblərin qoyulmasının vacibliyini bildirdi.



«Bəyanatda göstərilməlidir ki, problem ədalətli həllini tapmayınca Azərbaycan Ermənistanla heç bir əməkdaşlığa getməyəcək».



Çıxış edənlərin bir qismi isə danışıqlara aludə olmamağı, Neft Fondunu Azərbaycanın hərbi potensialının artırılmasına yönəltməyi vacib saydı.



Deputat Qüdrət Həsənquliyev Neft Fonduna yığılan vəsaitdən istifadə etməklə Azərbaycan ordusunun 80 faizinin peşəkarlardan formalaşdırılmasının zəruri olduğunu dedi.



Millət vəkili Əli Əlirzayev isə həmin vəsaiti daha geniş hərbi proqramlara sərf etməyi – silah istehsal edən zavodlar tikməyi təklif etdi.



Vitse-spiker Ziyafət Əsgərov isə bu istiqamətdə lazımi işlərin aparıldığını bildirdi.



Millət vəkillərindən Elman Məmmədov, Abutalıb Səmədov, Vaqif Abdullayev Qarabağın itirilməsində əvvəlki hakimiyyətləri günahlandırıb müxalifəti ittiham etsələr də, hakim partiyanın bəzi nümayəndələri müzakirənin başqa səmtə yönəldilməsinə etiraz etdilər.



YAP icra katibinin müavini Siyavuş Novruzov silahdaşlarını Dağlıq Qarabağ probleminin müzakirəsini başqa məsələlərlə qarışdırmamağa çağırdı.



Müzakirələrin gedişində ən çox tənqid edilən ATƏT-in Minsk Qrupu oldu.



Millət vəkilləri Almaniya və Türkiyənin də bu quruma daxil edilməsini vacib saydılar. Bəzi deputatlar isə Minsk Qrupunun vasitəçiliyindən tamamilə imtina etməyi məsləhət gördülər.



Sonda sənəd təkliflər də nəzərə alınmaqla səsə qoyularaq qəbul edildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG