Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:06

“Jurnalistlər qətl təhlükəsi ilə üzləşirlər”


Səs: Real audio
“2004-cü ildə dünyada 53 jurnalist qətlə yetirilib” Jurnalistlər üçün ən təhlükəli ölkələr Filippin, İraq, Kolumbiya, Banqladeş və Rusiyadır.



Bu haqda Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq mətbuat azadlığı günü ilə bağlı yaydığı hesabatda bildirilir.



Komitənin məlumatına görə, həmin ölkələrdə son 5 ildə 58 jurnalist qətlə yetirilib. Qətllərdən heç birinin üstü açılmayıb.



Jurnalistlər üçün ən geniş yayılan təhlükə cəzasız qətllərdir. Araşdırmalara görə, jurnalistlərin əksəriyyəti nə atışmalarda, nə də ekstrimal şəraitdə həlak olub. Onlar sadəcə qətlə yetirilib.



Son 5 ildə dünya üzrə öldürülən 190 KİV əməkdaşından 121-i sırf işinə görə, onlardan qisas almaq məqsədilə qətlə yetirilib.



Komitə rəhbərliyinin fikrincə, bu qədər qətllərə görə təqsirkar hakimiyyətlərdir. Qətl hallarının 85 faizində qatillər cəzalandırılmayıb.



Jurnalistləri Müdafiə Komitəsinin rəhbəri Enn Kuperin sözlərinə görə, “lazımi istintaqın olmaması və qatillərin cəzasız qalması zorakı üsullarla mətbuatı susdurmağa çalışanları şirnikləndirir”.



"Sərhədsiz Reportyorlar" beynəlxalq media təşkilatının hesabatında da bütün dünyada jurnalistlərin vəziyyətinin ağırlaşdığı qeyd olunur. Qurumun hesablamalarına görə, keçən bir il ərzində dünyada 53 jurnalist qətlə yetirilib.



Jurnalistlər üçün ən təhlükəli ölkə İraqdır. Keçən il burada 19 jurnalist öldürülüb, 12-dən çoxu isə oğurlanıb.



Rusiya da jurnalistlər üçün təhlükəli ölkələrdən biri olaraq qalır. Təkcə keçən il bu ölkədə ən azı iki jurnalist qətlə yetirilib.



Mətbuat azadlığını ən kobud pozanlarsa Türkmənistan, Şimali Koreya və Eritreyadır.



"Sərhədsiz Reportyorlar"ın hesabatında Çin dünyanın, İransa Yaxın Şərqin “ən böyük jurnalist həbsxanası” adlandırılır. 2004-cü ildə Çində 27, İranda isə 13 jurnalist həbs edilib.



"Sərhədsiz reportyorlar" Belarus, Çin, Kuba, İran, Qazaxıstan, Liviya, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, Türkmənistan, Özbəkistan, Vyetnam və Zimbabve liderlərini mətbuat azadlığının “yırtıcıları” adlandırır.
XS
SM
MD
LG