Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:18

Bu il Azərbaycanda rekord miqdarda neft hasil olunacaq


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” “2005-ci il ərzində Azərbaycanda 20 milyon tondan çox neft istehsal ediləcək”.



Aprelin 29-da Milli Məclisdə xarici neft şirkətləri ilə imzalanan 3 sazişin müzakirəsi zamanı Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev dedi ki, bu, respublikanın tarixində rekord göstəricidir.



Ancaq bəzi millət vəkilləri xarici şirkətlərlə bağlanan müqavilələrdə ölkə vətəndaşlarının maraqlarının yetərincə qorunmadığını bildirdilər.



Millət vəkili Mais Səfərli dedi ki, azərbaycanlı mütəxəssislər başqa ölkələrdə bu sahədə yüksək vəzifələrdə çalışdıqları, ölkə yerli kadrlarla zəngin olduğu halda xarici şirkətlər burada işləmək üçün mütəxəssisi kənardan gətirirlər.



Mais Səfərli eyni zamanda müqavilə bağlanan xarici şirkətlərin mənşəyinin açıqlanmamasını da düzgün hesab etmir.



«Müqavilələrdən bəlli olur ki, bu şirkətlər Kalmar, Virciniya adalarında və Hollandiyada yaradılıb. Dünya mətbuatından bəllidir ki, belə adalarda yaradılan şirkətlərin bəzilərinin fəaliyyətlərində qaranlıq məqamlar olur».



Deputat Cəmil Həsənli isə xarici neft şirkətlərində iş şəraitinin ağırlığı, həmkarlar təşkilatının olmaması və əməkhaqqının azlığı ilə bağlı çoxlu şikayətlər aldığını söylədi.



«Bu yaxınlarda xarici şirkətlərin nümayəndələri açıqlama verərkən bildiriblər ki, Azərbaycan vətəndaşlarına ölkə bazarları ilə müqayisədə yaxşı əməkhaqqı verilir. Hər bir işçiyə ölkə bazarına görə yox, onun əməyinə görə maaş verilməlidir».



Cəmil Həsənli deyir ki, Dövlət Neft Şirkəti bu müqavilələri bağlayanda vətəndaşların ən adi hüquqlarının təmin olunmasını həmin sənədlərdə nəzərə almalıdır.



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev isə deyir ki, xarici şirkətlər Azərbaycan vətəndaşlarına normal iş şəraiti yaratmamaqla yanaşı onların öz hüquqlarını müdafiə etmələrinə də imkan vermirlər. İşdən qeyri-qanuni çıxarılanlar şikayət üçün gələndə, müəssisəyə buraxılmırlar. Həmin şirkətlərdə həmkarlar təşkilatlarının yaradılmasına isə ümumiyyətlə, yol verilmir.



Müzakirələrdən sonra deputatlar sazişləri təsdiq etdilər.
XS
SM
MD
LG