Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 16:05

İqtidaryönlü partiyalar ABŞ-ın dövlət katibinə şikayət etmək niyyətindədirlər


Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” 10-dan artıq iqtidaryönlü partiya və Milli Məclisin bəzi deputatları ABŞ-ın dövlət katibi Kondoliza Raysa müraciət göndərmək niyyətindədir.



Aprelin 21-də keçirdikləri dəyirmi masada onlar bu barədə qərar qəbul etsələr də, müraciəti onun mətnində bəzi dəqiqləşdirmələr apardıqdan sonra dövlət katibinə göndərəcəklər.



Hakimiyyətin siyasi kursunu müdafiə edən həmin partiyalar və deputatlar bu ölkənin Bakıdakı səfiri Rino Harnişin Azərbaycanın bölgələrinə səfər etməsindən narazıdırlar.



Dəyirmi masanın iştirakçıları bəyan ediblər ki, səfirin parlament seçkiləri ərəfəsində bölgələrə səfər edib üç müxalifət partiyası – Müsavat, ADP və AXCP-nin “islahatçılar” qanadının nümayəndələriylə görüşlər keçirməsi heç də demokratiyanın inkişafına deyil, Azərbaycanda sabitliyin pozulmasına yönələn addımdır.



Sosial Rifah partiyasının sədri Xanhüseyn Kazımlı deyir ki, onlar səfirin bölgələrdəki addımlarının onun öz mövqeyi, yoxsa ABŞ-ın dövlət siyasəti olduğunu aydınlaşdırmaq istəyirlər.



Yurddaş partiyasının sədri, millət vəkili Mais Səfərli isə deyir ki, ABŞ səfirinin yalnız üç müxalifət partiyası ilə görüşməsi düzgün deyil və əgər ABŞ səfiri Azərbaycan haqqında obyektiv informasiya əldə etmək istəyirsə, daha çox qüvvələrin nümayəndələriylə görüşməlidir.



Dəyirmi masa iştirakçıları Kondoliza Raysa müraciət etmək fikrində yekdil olsalar da, müraciətin mətni ilə bağlı onlar arasında fikir ayrılıqları yaranıb.



Mais Səfərli deyir ki, onu və bir sıra başqa iştirakçıları qane etməyən mətndə göstəriş xarakterli fikirlərin olmasıdır.



ABŞ-ın Azərbaycandakı səfirliyi bu məsələ ilə bağlı hər hansı münasibət açıqlamağı lazım bilməyib.



Səfirin bölgələrdə görüşdüyü partiyalardan biri – Müsavat partiyası başqanının birinci müavini Vurğun Əyyub isə iqtidaryönlü partiyalar və bəzi deputatların Kondoliza Raysa müraciət etmək qərarını mənfi qiymətləndirib.



Onun sözlərinə görə, səfir müxalifət partiyalarının təmsilçiləriylə bərabər bölgə icra hakimiyyətlərinin rəhbərləri ilə də görüşüb. Vurğun Əyyub hesab edir ki, ABŞ səfirinə hücumların arxasında iqtidar dayanır.



Bir müddət əvvəl ABŞ səfiri Rino Harnişin Azərbaycanın bölgələrinə səfərlərini Yeni Azərbaycan partiyasının üzvləri də tənqid etmişdilər.



Prezident Aparatı ictimai-siyasi şöbənin rəhbəri Əli Həsənov isə cənab Harnişin istədiyi bölgəyə səfər edib istədiyi şəxslə görüşməyə haqqı çatdığını demişdi.
XS
SM
MD
LG