Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:21

MTN Elmar Hüseynovun qətliylə bağlı anonim məktubu araşdıracaq


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətliylə bağlı onun iş yoldaşı və dostu olmuş Enyulla Fətullayevə anonim məktub göndərilib. Onun müəllifi jurnalistin qatilini tanıdığını deyir. Bu məktub alınandan az sonra MTN və qəzet redaktorları bir yerdə onu müzakirə ediblər. Təbii sual yaranır: «Belə bir məktubun peyda olması nə qədər ciddidir? Anoloji araşdırmalar zamanı anonim məktubun daxil olması birinci dəfədirmi?»



«Femida007» qəzetinin redaktoru Eyyub Kərimov deyir ki, istintaqçılar üçün belə anonim məktublar təzə xəbər deyil. Onun sözlərinə görə, buna qədər də mətbuata belə məktub göndərilib. Amma üç il əvvəl. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini və kriminalistika şöbəsinin rəisi Rövşən Əliyev öldürləndən sonra. «Həmin məktubda da bir sıra adlar hallanır, bir sıra istiqamətlər göstərilirdi. Düzdü, orda Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı Hacı Məmmədov haqda bircə kəlmə də deyilmirdi. Amma elə onda da bildirilirdi ki, Rövşən Əliyevi qətlə yetirənlər uzaqda axtarılmamalıdır, onlar polisdə işləyirlər. Həmin şəxs prezidentlə görüşüb ona məlumat vermək istəyirdi. Amma o zaman bu məktuba məhəl qoyulmadı».



Eyyub Kərimov hesab edir ki, Elmar Hüseynovla bağlı məktubdan bəzi məqamlar istintaq üçün ipucu da, onu yanlış izə də apara bilər. «Femida007» qəzetinin redaktoru bu dəfə başqa ölkədən misal gətirir. O deyir ki, Rusiyanın ORT telekanalının aparıcısı Vladislav Listyev qətlə yetiriləndən sonra da istintaqa müxtəlif məzmunlu məktublar daxil olurmuş. «Rusiyanın o vaxtkı baş prokuroru sonra bu haqda qələmə aldığı kitabında yazır ki, həmin məlumatlar yoxlandıqda istintaq yenidən dalana dirənirdi. Sonradan başa düşüblər ki, həmin versiyaların irəli sürülməsində məqsəd də vaxtın uzanması, izlərin itirlməsi və həqiqətin üzə çıxmamasıdır».



Hərçənd Eyyub Kərimov məktub müəllifinin istintaqı dalana dirəmək yoxsa ona ipucu vermək istədiyini zamanın göstərəcəyini deyir.



Başqa bir ekspert, Beynəlxalq Terrorizmə və Korrupsiyaya Qarşı Bank İnformasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Rövşən Novruzoğlu isə bu məktubu həm istintaqın gedişində maraqlı, həm də bu iş haqda məlumatlı olan mənbələrin yazdığını düşünür. Onun qənaətincə, ola bilsin ki, Milli Təhlükəsizlik Nazirliyi yeni izə düşüb və bununla bağlı əməliyyat hazırlayır. Həmin mənbələr isə belə anonim məktubla vaxtı uzatmağa və ya işi dolaşdırmağa çalışırlar.



Rövşən Novruzoğluna görə, Milli Təhlükəsizlik Nazirliyi istintaqı dayandırsa, Azərbaycanda yeni qətllər dalğası başlana bilər. Ancaq Elmar Hüseynovun qatili tapılsa, bundan Azərbaycan uda bilər.



Bu da Rövşən Novruzoğlunun anonim məktubla bağlı irəli sürdüyü ehtimalıydı. Yəni o qəti əmindir ki, bu məktub Elmar Hüsenyovun qətliylə bağlı izi azdırmaq üçün yazılıb.



Amma bununla belə Eyyub Kərimov bildirir ki, məktub anonim olsa da, hüquq-mühafizə orqanları buna münasibət bildirməlidirlər. Cəmiyyətdə, mətbuatda yanlış versiyaların yayılmasına imkan verməməlidirlər. Qəzet redaktoruna görə, indiki şəraitdə belə versiyaların yaranmasına müəyyən zəmin də var: «Elmar Hüseynovun öldürülməsinin üstündən iki aya yaxın vaxt ötsə də, istintaq yerində addımlayır, təzə heç nə tapılmayıb».



Milli Təhlüksəizlik Nazirliyi mətbuat xidmətinin rəhbəri Arif Babayev isə deyir ki, Elmar Hüseynovun qətliylə bağlı məktub araşdıralacaq və ona müvafiq cavab veriləcək.
XS
SM
MD
LG