Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:25

Corc Buş: “İraqdakı dəyişikliklər qlobal demokratik inqilabdan xəbər verir”


Səs: Real audio
“Kreml gənclər təşkilatları qurur” Aprelin 12-də Texasdakı “Fort Hud” hərbi bazasında əsgərlər qarşısında çıxış edən prezident Buş bəyan edib ki, İraqdakı dəyişikliklər qlobal demokratik inqilabdan xəbər verir.



“Yaxın Şərqin ürəyində azad İraqın yaradılması tiraniya və terror qüvvələrinə sarsıdıcı məğlubiyyət olacaq, qlobal demokratik inqilabın əsas hadisəsi olacaq”.



Cənab Buş İraqın keçmiş lideri Səddam Hüseynin hakimiyyətdən yıxılmasını azadlığın tarixində ən böyük hadisələrdən biri adlandıraraq bunu “Berlin divarı”nın uçmasıyla müqayisə etdi.



Prezident Buş dəfələrlə bəyan edib ki, dünyada demokratiya və azadlığın yayılması onun administrasiyasının ən əsas prioritetidir.



Bu il may ayının 10-da Amerika prezidenti Cənubi Qafqaza səfər edəcək. Cənab Buş Birləşmiş Ştatların tarixində regiona səfər edəcək ilk Amerika prezidenti olacaq.



Ağ Evin yaydığı məlumata görə, Gürcüstanın paytaxtı Tbilisidə prezident Buş demokratiya, tarixi islahatlar və konfliktlərin dinc həllinə dəstək nümayiş etdirəcək.



Cənab Buşun Avropa turnesində Azərbaycana gəlmək barədə planları olmasa da, Bakıdakı siyasi dairələrdə onun səfəriylə bağlı böyük ümüdlər var.



Demokratik seçkilərə dəstək axtarmaq üçün Birləşmiş Ştatlara səfər edən Müsavat partiyasının başqanı İsa Qəmbər "Azadlıq" radiosuna müsahibəsində bildirib ki, o, Amerika prezidentinin Tbilisidən Azərbaycana demokratiya ilə bağlı mesaj göndərəcəyinə ümüd bəsləyir.



Lakin müşahidəçilər qeyd edirlər ki, Amerika, digər Qərb ölkələri və qurumlarının demokratikləşmə, azad seçki çağırışlarını keçmiş Sovet məkanındakı bəzi ölkələrdə inqilaba çağırış kimi başa düşürlər.



Keçən həftə Bakıda səfərdə olmuş “Sərhədsiz Reportyorlar” təşkilatının direktor müavini Paskal Bonnamur deyir ki, beynəlxalq ictimaiyyət bu ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük maraq göstərəcək. Azərbaycanın rəhbərliyi bunu yaxşı bilir və bundan narahat olduğunu gizlətmir.



Paskal Bonnamur “Sərhədsiz Reportyorlar” təşkilatının prezidenti Rober Menarın Bakıda prezident İlham Əliyevlə görüşü zamanı bu məsələnin müzakirə olunduğunu deyir.



“Mən hiss etdim ki, prezident Azərbaycanda inqilabın baş verə bilməsindən narahatdır. Bizimlə görüşdə o, bəyan etdi ki, Azərbaycan nə Ukraynadır, nə də Gürcüstan. Baxmayaraq ki, biz inqilablar barədə heç bir söz demədik və görüş heç seçki məsələsinə həsr olunmamışdı. Mənə elə gəlir ki, o, öz düşüncəsində belə bir inqilabın baş verə biləcəyini artıq təsəvvür edir və belə bir perspektivdən narahatdır. Mən hesab edirəm ki, noyabrda həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün həlledici məqam olacaq”.



Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə dair beynəlxalq ictimaiyyətin çağırışları isə getdikcə güclənir.



Aprelin 7-də Birləşmiş Ştatların ATƏT-dəki daimi missiyasının rəhbəri səfir Pol Cons bəyanatla çıxış edib.



Azərbaycanda martın 23-də elan edilmiş amnistiyanı alqışlayan səfir Cons Azərbaycan hökumətini şəffaf parlament seçkilərinin keçirilməsinə çağırıb.



Bəyanatda deyilir ki, seçki kampaniyası, səsvermə və səslərin hesablanması prosesi beynəlxalq standartlara və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərinə cavab verməlidir.
XS
SM
MD
LG