Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:31

Xalq təbabəti mərkəzləri: şəfa tapanlar və aldadılanlar


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” Türkəçarə – yəni əsasən bitkilərlə və heyvan mənşəli məhsullarla müalicə Azərbaycanda lap qədim zamanlardan istifadə olunur. Amma belə müalicə üsullarına münasibət heç də həmişə birmənalı olmayıb. Məsələn, sovet dövründə dövlət səviyyəsində buna geridəqalmışlıq və cəhalət kimi yanaşılırdı. Bakıdakı otlarla müalicə mərkəzlərindən birinin rəhbəri Bəhruz Qurşumov xatırlayır ki, o vaxt gizli fəaliyyət göstərirdi. O deyir ki, türkəçarəni müasir dövrün tələblərinə cavab verməyən müalicə üsulu kimi kənara atmaq olmaz. Onun sözlərinə görə, otlarla müalicə bəzən sənaye yoluyla alınan dərmanların və müasir müalicə metodlarının aciz olduğu xəstəlikləri sağaldır.

Rus Dram Teatrının aktyoru Nodar Şaşıqoğlu isə deyir ki, uzun müddət Rusiyanın və Azərbaycanın xəstəxanalarında müalicə alsa da, xeyri olmayıb, dərdinə türkəçarə dərman olub. «Mən Leninqradda, indiki Sankt-Peterburqda olanda xəstələndim, müalicənin heç bir xeyri olmadı, sonra Bakıda da müalicə aldım. Mədəmdəki kəskin ağrılar ara vermirdi. Arıqlamışdım, çəkim 55 kiloqrama düşmüşdü. Amma otlarla müalicəyə başlayandan sonra ağrılar çəkildi, təxminən 1 ay pəhriz saxladım və otlardan hazırlanan məlhəmlər içdim, indi vəziyyətin yaxşıdı, çəkim 90 kiloqrama çatıb».

Amma türkəçarə barədə fərqli düşünənlər də var. Gülşad Tağıqızı şəkər xəstəsidir. Türkəçarə mərkəzlərindən birinin televiziya reklamına baxandan sonra qərara gəlib ki, oraya müraciət etsin. Deyir ki, onu müalicə etmək əvəzinə aldadıb 150 min manat pulunu əlindən alıblar.

«Təhqiqat» qəzetinin təsisçisi Yaqub Xudiyev deyir ki, indi mətbuat səhifələrində dərc olunan «ağrısız müalicə», «sağalmayan xəstəliklərin müalicəsi» və bu tipli reklamların bir çoxu həkimlik fəaliyyəti üçün Səhiyyə Nazirliyindən lisenziya almayan şəxslərə və şirkətlərə məxsusdur. Onun sözlərinə görə, indi Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi vəziyyəti yüksək olmadığı üçün onlar pul xatirinə belə reklamları dərc edirlər. Baş redaktor deyir ki, onun özünə də bu cur təkliflər olub. Baş redaktorun sözlərinə görə, insanların fırıldaqçı ara həkimlərinin toruna düşməsində belə reklamlar az rol oynamır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, otlarla müalicə adı altında insanları aldadan və özünü reklam edən şəxslərin, şirkətlərin lisenziyası da ola bilər. Çünki onun sözlərinə görə, Azərbaycanda belə lisenziyanı almaq çox asandır. Eyyub Hüseynov deyir ki, qanunlardakı boşluqlara görə, həkimlik fəaliyyətinin dairəsi qeyri-müəyyəndir və fırıldaqçılar bundan istifadə edirlər. Rəsmi orqanların bu sahənin monitorinqini aparmaması onların fırıldaqlarına şərait yaradır. Eyyub Hüseynovun fikrincə, insanların fırıldaqçı ara həkimlərinin toruna düşməsi bəzən onların xəstəxana və poliklinikalarda keyfiyyətli tibbi xidmət ala bilməməsi ilə bağlı olur.
XS
SM
MD
LG