Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35

Meriyanın mitinqlərlə bağlı cavabı gecikir


Səs: Real audio
"Söhbət mətbuat azadlığından, azad və ədalətli seçkilərdən, ədalətli məhkəmələrdən və məhkəmə proseslərindən gedir ki, bunlar gələcəkdə yeni siyasi məhbusların yaranmasına gətirə biləcək vəziyyətin qarşısını ala bilər." Bakı şəhər İcra Hakimiyyəti jurnalistlərin və müxalifət partiyalarının keçirmək istədikləri mitinqlə bağlı hələlik cavabını açıqlamayıb.



Bunu İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Zaur Ramazanov bildirib.



Zaur Ramazanov deyir ki, mitinqin keçirilməsinə meriyanın icazə verib-vermədiyi ya aprelin 7-i axşam, ya da aprelin 8-də müəyyənləşəcək.



AXCP sədrinin müavini Həsən Kərimovsa bildirib ki, partiyası meriya icazə verməsə belə, mitinqə getməyə hazırdır. Amma bu məsələ hələlik ADP və Müsavatla müzakirə olunmayıb.



Qaldı aprelin 9-da «Jurnalistlər terrorizmə qarşı» tələbi ilə keçiriləcək mitinqə, şəhər meriyasından Zaur Ramazanov deyib ki, bu barədə mitinqin təşkilat komitəsindən Yadigar Məmmədli ilə görüşdə fikir mübadiləsi aparılıb.



“Meriya hansı mövqedədir?” sualı ilə Yadigar Məmmədliyə müraciət etdik.



O deyir ki, aprelin 7-də jurnalistlərin mitinqi ilə bağlı məsələni Bakı meri Hacıbala Abutalıbovla görüşdə müzakirə ediblər. Onların Hacıbala Abutalıbovla yenidən görüşü gözlənilir.



O eyni zamanda bildirdi ki, jurnalistlərin mitinqində siyasi tələblər səslənməyəcək.



“Söz və mətbuat azadlıqlarının, jurnalistin məlumat almaq hüququnun müdafiəsi və «Monitor»un baş redaktoru Elmar Hüseynovun qatilinin tapılması tələbi ilə çıxış edəcəyik”.



Meriyanın Elmar Hüseynovun atasının mitinqin keçirilməsini istəmədiyi ilə bağlı söylədiklərinə gəlincə, Sabir Hüseynov deyib ki, o, oğlunun ölümünün 40-cı günü hər hansı aksiya keçirilməsini istəmir. Qalan günlərdə baş verənlərin isə ona aidiyyəti yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG