Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:55

Torresin baş məşqçi postunda saxlanması birmənalı qarşılanmır


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” Azərbaycan Futbol Federasiyaları İttifaqı (AFFA) İcraiyyə Komitəsinin son toplantısında milli komandanın son oyunları müzakirə edilib və Polşa komandasıyla oyunda böyük hesablı məğlubiyyətə baxmayaraq braziliyalı mütəxəssis Karlos Alberto Torresin Azərbaycan komandasının baş məşqçisi vəzifəsində saxlanması barədə qərar qəbul edilib. Bu qərara futbol ekspertlərinin münasibəti birmənalı deyil. AFFA-nın İcraiyyə Komitəsinin üzvü, «Neftçi» komandasının keçmiş hücumçusu İsgəndər Cavadov deyir ki, braziliyalı baş məşqçinin öz vəzifəsində saxlanması qeyri-peşəkar addımdır. Onun sözlərinə görə, AFFA-dakı son toplantıda da cənab Torresin istefasını tələb edib. İsgəndər Cavadovun fikrincə, Azərbaycan komandasının dünya çempionatının qrup mərhələsindəki çıxışları hətta yığmaya yerli mütəxəssislərin rəhbərlik etdiyi vaxtlarda olandan da zəifdir. Keçmiş futbolçu bildirir ki, Polşa və İngiltərə ilə oyunlar göstərdi ki, Karlos Alberto Torres bir məşqçi kimi heç nəyə qadir deyil. «Hər bir məşqçinin nəyə qadir olduğunu onun əldə etdiyi nəticələr göstərir. Biz hələ ki bu nəticəni görmürük». İsgəndər Cavadov deyir ki, indi Azərbaycanda klub komandalarının səviyyəsi çox aşağıdır və bu klubların oyunçularından təşkil edilən yığmaya ən güclü mütəxəssislər dəvət olunsa belə, yüksək nəticəyə nail olmaq mümkün deyil. O hesab edir ki, belə bir şəraitdə AFFA xaricdən məşqçi gətirmək əvəzinə, ölkədə uşaq futbolunun inkişafına daha çox diqqət ayırmalıdır.

AFFA-nın baş katibi Fuad Əsədov isə İsgəndər Cavadovun fikirləriylə razı deyil. Onun sözlərinə görə, qrup mərhələsinin oyunları davam etdiyi bir vaxtda məşqçi dəyişmək Azərbaycan komandasının ziyanınadır. Bundan başqa Fuad Əsədov Karlos Alberto Torresin zəif məşqçi olması fikrini də qəbul etmir. Fuad Əsədov onu da deyir ki, böyük hesablı məğlubiyyətlər hətta ulduz futbolçuların yer aldığı komandalarda da olur və belə təsadüfləri əsas götürüb məşqçi dəyişmək düzgün deyil. «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli isə bildirir ki, braziliyalı mütəxəssisin Azərbaycan komandasına baş məşqçi gətirilməsindən böyük nəticə gözləməyə dəyməz. Onun fikrincə, futbol məmurlarının bu addımı əvvəlcədən reklam səciyyəsi daşıyıb. «Dünyaya demək istəyirlər ki, baxın bizim komandaya dünya çempionu olmuş futbolçu rəhbərlik edir». Mahir Rüstəmli onu da deyir ki, belə getsə, dünya çempionatının qrup mərhələsinin qalan oyunlarında da Azərbaycan komandasının uğur qazanacağına ümid etməyə dəyməz. AFFA-nın baş katibi Fuad Əsədov isə braziliyalı məşqçinin Azərbaycan milli komandasına az vaxt ayırması fikriylə də razılaşmır. Onun sözlərinə görə, rəsmi oyunlar arasında fasilələrdə cənab Torres Braziliyaya getsə də, onun köməkçisi Azərbaycanda qalır və milli çempionatın oyunlarını izləyir, sonradan baş məşqçiyə məlumat verir.
XS
SM
MD
LG