Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:11

«Mişa ordan salamat çıxa bilməyəcək»


Mixail Saakaşvili parlamentdə çıxış edir, 12 fevral 2009

Mixail Saakaşvili parlamentdə çıxış edir, 12 fevral 2009

Gürcüstanın Daxili İşlər Nazirliyinin nümayiş etdirdiyi videoda iki nəfər «üsyan planını» müzakirə edir – «hədəf» prezident Saakaşvilidir.

Gürcüstanın Daxili İşlər Nazirliyi iki nəfəri «dövlət əleyhinə fəaliyyət»də şübhəli bilərək həbs edib. Nazirliyin sözçüsü Şota Utiaşvili bildirib ki, bunlar Malxaz Qvelukaşvili və Laşa Çxenkelidi. O, jurnalistlərə təqdim etdiyi video və audioları dəlil adlandırıb.

«Bu lentlərdə konkret adamların adları çəkilir, konkret planlar səsləndirilir, konkret qruplardan danışılır. Burda onların maliyyə mənbələrinə də bəzi işarələr var. Biz indi istintaqın ilkin mərhələsindəyik və hər hansı nəticələr çıxara bilmərik».

Bundan qabaq Daxili İşlər Nazirliyi daha 10 nəfəri qanunsuz silah almaqda şübhəli bilərək həbs edib. Nazirliyin bununla bağlı nümayiş etdirdiyi videodan belə güman etmək olar ki, şübhəlilər qanunsuz olaraq avtomat silah almağa cəhd edirlər. Onların 8-i barədə məhkəməyəcən 2 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Tutulanların ikisinin hökuməti ən sərt tənqid edən müxalifət qurumuyla – keçmiş parlament spikeri Nino Burcanadzenin partiyası ilə əlaqələri var.

Burcanadze ittihamları rədd edib və bunu onun partiyasına qarşı terror kampaniyası adlandırıb.

Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, iki nəfərin həbsi ilə ondan əvvəlki həbslər arasında əlaqə görmürlər, amma hər iki halda məqsəd eyni olub.

Nazirliyin göstərdiyi videoda güman ki, kiçik müxalifət partiyalarından birinin rəhbəri Qvelukaşvili gələn ay müxalifətin keçirəcəyi mitinqlər zamanı mümkün ki parlament binasının ələ keçirilməsindən danışır. Çxenkeli ona sual verir. Hücuma bəzi gürcü hərbçilərinin qoşulmasından və planın əsas hədəfinin prezident Saakaşvili olması haqda da söhbət gedir.

«- Bizim adamlar binaya daxil olanda artıq 30 nəfər olmayacaqlar, onlar 500 nəfər, yaxud 1000 nəfər olacaqlar. Bütün binanı ələ keçirəcəklər. Hərbçilər bizim adamlardı. Başa düşürsən də… Onlar heç kəsi barmağını tərpətməyə imkan verməyəcəklər.

- Çox yaxşı bəs əgər Mişa orda olsa?
- O, binadan salamat çıxa bilməyəcək. Bu Mişa məsələsi deyil, bu bir xalq üsyanıdır».

Əgər bu iki şəxsə qarşı ittihamlar təsdiqini tapsa, onlara 15 il cəza kəsə bilərlər.

Bu həbslər müxalifətin aprelin 9-da hökumətə qarşı kütləvi aksiyalara başlaması ərəfəsində həyata keçirilib.

Bu – sovet qoşunlarının Tbilisidə demokratik qüvvələrə divan tutmasının 20-ci ildönümünə təsadüf edir. Müxalifət həmin aksiyalarda prezident Saakaşvilinin istefasını tələb etmək niyyətindədir. Burcanadze bildirib ki, hökumət həbslərlə məhz bu hərəkata mane olmaq istəyir.

Amma son həbslər müxalifətin ilkin olaraq müşahidə olunan coşqunluğu üzərinə bir qədər su səpib.

Başqa populyar müxalifət liderlərindən – İrakli Alazaniyanın düşərgəsində həbsləri sükutla qarşılayıblar.

Yeni Sağçılar Partiyasının üzvü Manana Naçkebiya «Azadlıq» radiosunun gürcü xidmətinə deyib ki, bu videolar 2007-ci ilin noyabrında dövlət televiziyasında nümayiş etdirilən və hökumətə qarşı mitinqlər keçirən müxalifəti Rusiyayla əlaqələndirən videolardan heç nə ilə fərqlənmir.

Naçkebiya deyir ki, artıq ölkədə belə bir təcrübə mövcuddur. Aprelin 9-u yaxınlaşdıqca onlar hökumətin konkret addımlarının şahidi olacaqlar və son həbslər də belə bir PR kampaniyası sayıla bilər.

2007-ci ildəki videoları az adam qanuni saysa da, artıq ilkin əlamətlər var ki, gürcü ictimaiyyəti son həbsləri və dəlilləri daha ciddi qəbul edə bilər.

Prezident Saakaşvilinin partiyasından olan parlament çoxluğuna rəhbərlik edənlərdən biri Georgi Qabaşvili deputatlara deyib ki, bu həbsləri heç cür siyasi həbslər kimi yozmaq olmaz.

Parlament azlığının rəhbəri Tarqamadze isə deyib ki, indi hökumət rəsmilərinin çiyninə düşən yük odur ki, video və audioların həqiqiliyini sübut etsinlər.

Şərhləri göstər

XS
SM
MD
LG