Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:27

Muğam müsabiqəsinin gözlənilməz qalibləri…


«Alim Qasımovun oxumaq üsulundan istifadə edirəm». Bunu «Azadlıq» radiosuna Bakıda keçirilən «Muğam aləmi» Beynəlxalq Muğam Müsabiqəsinin ikincisi, İrandan olan xanəndə Məhəmməd Motamedi dedi. Onun sözlərinə görə, Azərbaycana gələndə bu müsabiqədə hər hansı yeri tutacağını güman edirdi:

«Amma bunun üçün özüm də çox səy göstərdim. Fəxr edirəm ki, belə bir festivala qatıldım və Azərbaycan incəsənəti, mədəniyyəti ilə tanış oldum».

30 yaşlı Məhəmməd Motamedi 10 ildir ki, peşəkar musiqi ilə məşğuldur. 5 ildir İran muğamını xarici ölkələrdə təmsil edir. Azərbaycanda da konsert verməyi arzulayır:

«Azərbaycana bir daha gəlmək istərdim. Burada ancaq şəhərdə qaldıq, kənara çıxmadıq. Mən rayonları gəzmək, kənd mədəniyyəti ilə tanış olmaq, insanlarla söhbət etmək istəyirəm. Bakıda muğam ifaçılarını daha yaxından tanımaq, bilmədiklərimi onlardan öyrənmək istəyirəm. İlk dəfə Alim Qasımovun ifasını televiziyada seyr etdim və çox bəyəndim. Hətta onun üsullarından istifadə də edirəm.
İrandan olan xanəndə Məhəmməd Motamedi
Əslində, Azərbaycan muğamı ilə İran muğamında oxşarlıq var. Bizim tarla sizin tar oxşayır. Fərq ondadır ki, siz tarı sinənizə, biz isə dizimizə qoyub ifa edirik. Azərbaycanda «Bayatı Şiraz»dır, İranda «Bayatı İsfahan»dır».

Muğam Müsabiqəsində birinci yerə layiq görülən, Özbəkistandan olan Yulduz Turdıyeva üçün isə bu, qalibiyyət gözlənilməz olub:

«Müsabiqəyə qatılmazdan öncə Özbəkistanda «Azərbaycan muğamları» adlı bir disk aldım. Alim Qasımovun ifasında «Qarabağ şikəstəsi»nə qulaq asdım və öyrəndim. Müsabiqədə azərbaycanlı jürilər dedilər ki, «Qarabağ şikəstəsi»ni Azərbaycan xanəndələri kimi ifa etdin».

Özbəkistandan olan Yulduz Turdıyeva
Yulduz xanım deyir ki, Özbəkistanda muğama «makam» deyirlər. Onlarda 6 makam var:

«Azərbaycan muğam pərdələri, ladı mürəkkəbdir. Bizdə isə tamam başqadır. Çox istərdim ki, Azərbaycanda muğam məktəbində təhsil alım. Şur, Humayun muğamlarını öyrənim».

1985-ci ildə anadan olan Yulduz xanım 2004-cü ildə Özbəkistan Musiqi Konservatoriyasında ənənəvi-muğam fakültəsini bitirib. Ən böyük arzusu Avropa ölkələrində muğam konsertləri verməkdir.

Misirdən olan Mustafa Səid
«Gözləmirdim ki, 3-cü yerə çıxım. Amma əsas mükafat odur ki, Azərbaycana gəldik və belə gözəl Beynəlxalq Muğam Müsabiqəsində iştirak etdik» – bunu isə müsabiqədə üçüncü yerə çıxan Misirdən olan Mustafa Səid dedi. Müsabiqədən çox razı qalan misirli ifaçı Azərbaycan muğamına valeh olub:

«Əslində, Azərbaycan və Misir muğamı ümumi musiqidən götürülüb. Bizim muğamlar şivə olaraq fərqlənirlər. İndiyədək Ərəb ölkələrində konsertlər vermişəm. Əgər konkret dəvət olsa, böyük məmnuniyyətlə Azərbaycanda da muğam konserti ilə çıxış edərəm».

1983-cü ildə Qahirədə anadan olan Mustafa Səid ud musiqi aləti üzrə təhsil alıb. Hazırda Livanda Antoniya Universitetində muğam-təsnif elmləri üzrə dərs deyir.
XS
SM
MD
LG