Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:14

Obama səbirli olmağa çağırır


Obama iqtisadi böhrana hərtərəfli zərbələr vurmağı nəzərdə tutan strategiyasından danışıb

Obama iqtisadi böhrana hərtərəfli zərbələr vurmağı nəzərdə tutan strategiyasından danışıb

Amerika prezidenti Barak Obama mətbuat konfransını səbirli olmağa çağırışla başlayıb. O deyib ki, dünya iqtisadiyyatının bugünkü hala düşməsinə illərdir üst-üstə yığılan səhv addımlar səbəb olub və hökumətlərin bu səhvləri yoluna qoyması üçün də illər lazım olacaq.

Prezident Obama iqtisadi böhrana hərtərəfli zərbələr vurmağı nəzərdə tutan strategiyasından danışıb. Deyib ki, bu strategiya bankları nağd pul qıtlığından xilas etmək, yeni iş yerləri yaratmaq, səhiyyəni hamı üçün əl çatan etmək və bank kreditlərinin bərpa olunmasını nəzərdə tutur. Ölkə rəhbəri bu strategiya ilə irəliləyiş əldə olunacağına inandığını da bildirib. O, iş yerlərini qoruyub saxlayan polis və müəllimləri və məişət qiymətlərinin sabitliyini uğurun ilkin göstəricisi adlandırıb.

Amerikalı prezidenti deyib ki, onun Konqresə təklif etdiyi 3,6 trilyon dollarlıq büdcəyə yeni iş yerləri yaratmaq proqramı da daxildir.

Ölkə başçısına qarşı əksər tənqidlər də məhz bu məqamla bağlıdır. Opponentlər deyirlər ki, bütün bu xərclər büdcə kəsirinə gətirib çıxaracaq. Hətta Konqresin Büdcə İdarəsindən deyirlər ki, büdcə kəsiri növbəti 10 il ərzində 9,3 trilyon dollara çatacaq.

Amma Obama deyir ki, təklif etdiyi büdcənin prioriteti iqtisadi ehtiyaclardır.

«Biz bərpa oluna bilən enerji mənbələrinə investisiya yatırırıq, bu da yeni iş yerlərinə, yeni bizneslərə və xarici neftdən asılılığımızın azalmasına səbəb olacaq. Biz məktəblərimizə, müəllimlərimizə sərmayə qoyuruq ki, uşaqlarımız dünyanın istənilən işçisi ilə rəqabət aparmaq bacarığına yiyələnsin. Biz ailələrimiz, biznes və hökumətimiz üçün səhiyyə qiymətlərini aşağı salan islahatlara sərmayə yatırırıq. Və bu büdcədə biz çətin də olsa seçimlər etməliyik ki, mənim hakimiyyətdə olmağımın birinci rübü başa çatanadək hətta ən pis halda kəsirlərimizi yarıya endirə bilək».

Amerika prezidenti Çinin mərkəzi bankının rəhbərinin məsləhətinə də münasibət bildirib. Çinin mərkəzi bankının rəhbəri təklif edib ki, dolların əvəzində yeni beynəlxalq valyuta yaradılsın. Prezident Obama dolların zəiflədiyini inkar edib, deyib ki, bütün dünyada insanlar inanırlar ki, Birləşmiş Ştatların iqtisadiyyatı dirçələcək.

«Dollar hazırda son dərəcə güclüdür. Buna səbəb də odur ki, əmanətçilər hesab edirlər ki, dünyada ən sabit siyasi sistemlə birlikdə ən güclü iqtisadiyyat Birləşmiş Ştatlardadır. Mənim fikrimcə, baxmayaraq ki, biz çətin bir dövr keçirik çox böyük bir inam var ki, nəticə etibarilə dünya iqtisadiyyatının perspektivi, çox, çox güclüdür».

Barak Obama mətbuat konfransında İranla münasibətlər məsələsinə də toxunub. Deyib ki, İrandan nüvə proqramını dərhal dayandıracağını və beynəlxalq terrorizmə dərhal son qoyacağını gözləmir. Birləşmiş Ştatlar sadəcə bu məsələlərdə davamlı inkişafa nail olacağına ümid edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG