Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:49
Novruz tətilləri bitmək üzrədir. Tanınmışlar bu bayramı necə keçirdi? «Novruzda sizi nə sevindirdi, bəs kefinizi açmayan nəsə oldumu? Hansı suallara cavab tapdınız, hansına yox?» Bu suallarla tanınmış insanlara müraciət etdik.

Azər Zeynalov, opera müğənnisi:
«Bayramı hamıyla birlikdə, dostlarla birgə qarşılamaq mənim üçün hər şey deməkdir».

Aslan İlyasov, qarmon ustası:
«Mən nəsə bu bayramı heç sevinmədim. Çünki bayramı yataqda xəstə qalmalı oldum».

Bayram Hacızadə, Karikaturaçılar Birliyinin sədri:
«Bu bayram günləri mənim üçün işimlə yadda qaldı. Çünki bayram «Molla Nəsrəddin» müsabiqəsinin səsvermə ərəfəsinə düşdü. Münsiflərdə müxtəlif ölkələrin nümayəndələri vardı. Onlara izah edə bilməzdim ki, bayram günləridir, səsverməni dayandıraq. Yəqin bunun özü də bayram əhval-ruhiyyəsi kimi qiymətləndirilə bilər».

Elmir Əkbər, psixoanalitik:
«Bu bayram həmişə bağlı qalan suallar - iqtisadi böhranla əlaqəli suallara cavab tapılmadı. Bayram ərəfəsində ərzaqlardakı qiymət düşməsi bir az təəccübləndirdi. Çünki həmişə əksinə olurdu. Ona görə də camaatda bir az şübhə yaranıb ki, görəsən bu, tufandan əvvəlki sakitlik deyilmi?»

Rüfət Əsədov, kinorejissor:
«Qeyri-adi bir şey hiss eləmədim. Mən bir az optimistəm. İnanıram ki, yaxşılığa doğru nəsə olmalıdır. Biz də bunun üçün nəsə etməliyik. Hər kəs vətəndaşlıq borcunu yerinə yetirməlidir».

Arif Hüseynov, xalq rəssamı:
«Novruz xatirələrimdə əsasən uşaqlıq bayramı kimi qalıb. Mən əvvəllər «Sovetski»də yaşamışam. O vaxt bayrama daha həvəslə hazırlaşardılar. Bir ay əvvəldən hazırlıq gedirdi. Bir də Şıxəli Qurbanovun təşəbbüsü ilə ilk dəfə Bakıda keçirilən bayram tədbiri çox gözəl yadımdadır. Yəqin o dövrlərin təsiridir ki, hələ də öz əsərlərimdə milli adət-ənənələrə, milli mədəniyyətə həsr olunmuş mövzulara geniş yer verirəm».

Vurğun Əyyub, Müsavat Partiyasının katibi:
«Hesab edirəm ki bu bayram da ötən illərdə olduğu kimi keçdi. Fərqli cəhət yalnız bayramdan 2 gün əvvəl referendumun keçirilməsi ilə əlaqədar idi. Məni sevindirən o oldu ki, cəmiyyət aktiv şəkildə olmasa da, etirazını bildirdi və səsvermədə iştirak etmədi. Televiziyadakı çal-çağırla cəmiyyətin əhval-ruhiyyəsi arasında çox ciddi təzad görünməkdədir. Əslində xalq bayramı yaxşı qarşılamağa çalışır. Amma əvvəllər, hətta sovet hakimiyyətin qızğın dövrlərində belə bayram vaxtı insanların əhval-ruhiyyəsi bundan yaxşı olardı».

İntiqam Soltan, Uşaq Teatrının rəhbəri:
«Novruz bayramı mənim üçün yeganə bayramdır. Amma sevinmək üçün mən həmişə öz içimdə nəsə axtarıram. Kənardan heç nə gözləmirəm ki, kimsə məni sevindirəcək. Çalışıram ki, sabahımı dünəndən qurum. Ona görə böyük bir tamaşa hazırlamışam. Çünki uşaqların üzündəki təbəssüm mənim də üzümdəki təbəssümdür».
XS
SM
MD
LG