Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:04

«Rusiya Qafqazdan çəkilir»


«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin direktoru Ərəstun Oruclu
«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin direktoru Ərəstun Oruclu
«Rusiya üçün indi prioritet region Cənubi Qafqaz deyil, Mərkəzi Asiyadır». Bu fikri «Azadlıq» radiosunun «İşdən sonra» proqramında «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin direktoru Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, Rusiyanın milli təhlükəsizlik konsepsiyasında onun əsas rəqibi kimi Çin göstərilib, ABŞ yaxud Avropa deyil:

«Təsadüfi deyil ki, bu gün Rusiya əsas diqqətini Mərkəzi Asiyaya yönəldir. ABŞ da bunu anlayışla qarşılayır. Əgər ABŞ-ın enerji və digər maraqlarına Rusiyanın nüfuzunun artması mane olmursa, ona müqavimət göstərməyin əhəmiyyəti yoxdur. Əgər Rusiya güclənən Çinlə üz-üzə dayanacaqsa, ABŞ onların arasına girməyəcək. Amma eyni zamanda Rusiya Çinə diqqət yönəltdiyindən Cənubi Qafqazdan çəkilməyə məcburdur. Məncə, bu baş verir».

Ə.Oruclu deyir ki, Gürcüstanda baş verənlər də mövqelərini bir qədər möhkəmlədib sonra onları alver predmetinə çevirmək üçün idi:

«Enerji məsələlərinə həddindən artıq diqqət ayırırıq. Bu, yanlışdır. Azərbaycan neftinin və qazının taleyi artıq çoxdan müəyyənləşib.
Rusiya hər iki bölgədə nüfuzunu saxlaya bilməyəcək, buna gücü yoxdur. Qərb, Rusiyada zəif məqamlarda şovinist əhval-ruhiyyənin ortaya çıxdığını görür».

Politoloq deyir ki, Cənubi Qafqazın hər üç ölkəsində təhlükəli rejimlər mövcuddur:

«Gürcüstan prezidenti Saakaşvili son günlərdə bütün siyasi opponentlərini həbsə atmağa başlayıb. Ermənistanda vəziyyət artıq güllə-barandan da keçib. Azərbaycanda da elə son referendum oyunu da göstərdi ki, hakimiyyət heç cür islah olunmaq istəmir. Referendum göstərdi ki, onun real sosial dayaqları 10 faizdən aşağıdır. Belə rejimlərin mövcud olduğu regionda geosiyasi vakuum yarana bilməz. O zaman bu rejimlər pis yol tuta, dəhşətli səhvlər edə bilərlər. Ona görə də onların başı üzərində hökmən Domokl qılıncı olmalıdır».

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin direktoru deyir ki, Rusiya müəyyən proseslərə təkan verməyə çalışacaq. Gürcüstanın və Ukraynanın NATO-ya qəbulu məsələsinin unudulması ilə Rusiya üçün təhlükələr də ortadan qalxır. Hətta Azərbaycanda hansısa bazanın yerləşdirilməsi də Rusiyada qıcıq yaratmayacaq:

«Azərbaycanın xarici siyasətinin ciddi problemlərindən biri prioritetlərin müəyyən olunmamasındadır. Burda yalnız taktiki gedişlər var. Azərbaycan artıq kursunu müəyyənləşdirməlidir. Amma buna, bizim hesablamalarımıza görə, hakimiyyətin içində daşlaşmış Rusiyapərəst qruplaşma mane olur. Həmin qruplaşma öz mövqelərini saxlamaq üçün referendumun da keçirilməsinə nail oldu».

Azərbaycanda 18 martda keçirilən referendumun təşəbbüskarı olan Yeni Azərbaycan Partiyası Konstitusiyaya dəyişikliklərin ölkədəki demokratik islahatları gücləndirdiyini, insan hüquqlarının daha da artıq təmin olunmasına xidmət etdiyini bildirir.

Ərəstun Oruclu isə referendum ideyasının arxasında başqa niyyətlərin durduğunu deyir. Onun fikrincə, burada həm klan maraqları, həm də Rusiyayönümlü qruplaşmanın hakimiyyəti saxlamaq arzusu öz rolunu oynayıb:

«Onlar başa düşür ki, Qərb qatarına qoşulan Azərbaycan vaqonunda onlar üçün yer yoxdur».
XS
SM
MD
LG