Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:06

Hökumətin 1 kilo 200 qramlıq hesabatı


Zöhrab İsmayıl
Söhbət Azərbaycan hökumətinin 2008-ci ildə gördüyü işlərlə bağlı Milli Məclisdə verdiyi hesabatdan gedir. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn deyir ki, 500 səhifəlik və ya 1 kilo 200 qramlıq hesabatda sistemli heç bir şey yoxdur. Millət vəkilinə görə, hesabatda çoxlu sayda iş yerlərinin açılmasından danışılır, amma bağlanan iş yerlərindən, sahibkarlara törədilən maneələrdən, saxta sənədlərlə işləməyə məcbur edilən iş adamlarının düşdüyü vəziyyətdən bir kəlmə də söz açılmır.

Milli Büdcə Qrupunun üzvü Zöhrab İsmayılsa hökumətin son hesabatını daha çox sovet dövründə beşillik qurultaylardakı çıxışlara bənzədir:

«Hesabat «analoqu olmayan» kimi ifadələrlə doludur. Az qala «prezidentin atalıq qayğısı»ndan da danışırlar».

İqtisadçıya görə, sənədin ritorikası demokratik, regionda lider ölkə olmaq istəyən, Avropaya inteqrasiya etmək iddiasında olan bir ölkənin səsləndirdiyi hesabatın ritorikasından daha çox, totalitar ölkənin, totalitar hökumətin ritorikasına oxşayır.

Pənah Hüseyn
Z.İsmayıl hesab edir ki, hesabatı dinləyəndə, oxuyanda elə təsəvvür yaranır ki, Azərbaycanı yalnız bir adam idarə edir, ölkədə yalnız bir adam düşünür, bütün ideyaların müəllifi bir adamdır, işləri yalnız bir adam icra edir.

İqtisadçı deyir ki, rəsmi hesabat 2008-ci ildə hökumətin gördüyü işləri əhatə etməli olduğu halda Baş nazirin birinci müavini Milli Məclisdəki bütün çıxışı zamanı əsasən beş illik plandan danışıb.

Millət vəkili Pənah Hüseyn deyir ki, mövcud vəziyyət onları narahat edir. Onun sözlərinə görə, bu baxımdan da müxalifət deputatları gələn ayın əvvəlindən başlayaraq həm hökumətin hesabatını, həm də əldə etdikləri korrupsiya faktlarını ictimai müzakirəyə çıxaracaqlar.

Fəzail Ağamalı
YAP və iqtidaryönlü partiyaların təmsilçiləri isə deyirlər ki, hesabat həm mahiyyətcə, həm də məntiqi baxımdan yüksək səviyyədə hazırlanıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıya görə, builki hesabat birmənalı şəkildə sübut etdi ki, Azərbaycan hökuməti qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirib. Prezident və onun komandasının apardığı siyasət nəticəsində ölkədə bütün sahələrdə uğura imza atılıb.

Hesabatı müsbət dəyərləndirənlərin əksəriyyəti bunun təsdiqi kimi dünyanın yaşadığı iqtisadi böhranın Azərbaycana az təsir etdiyini və ya ümumiyyətlə təsir etmədiyini iddia edirlər.

Martın 13-də hökumət parlamentdə 2008-ci ilin yekunlarına dair hesabatla çıxış edib. Ötən illərdən fərli olaraq bu dəfə hökumətin hesabatını Baş nazir yox, onun birinci müavini Yaqub Eyyubov səsləndirib.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG