Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

Atatürk xəritədə ikinci Xəzər adı yaratdı


Almas İldırım
Əslində Almas İldırım haqqında köşə yazmaq fikrim yox idi. Martın 14-də - Süleyman Rüstəmin doğum günündə yolları haçalanan iki şairi bir yazıda birləşdirmişdim. Martın 24-də, qeyri-ixtiyari, Almas İldırımın çox sevdiyim «Qara dastan» kitabını rəfdən götürdüm və anladım ki, 102 yaşını tamamlayan İstiqlal Şairi barədə yazmasam, rahatlıq tapmaram.

Gerçək adı İldırım, soyadı Almaszadə olub

Atası Əbdülməhəmməd də, anası Nisə xanım da Bakının (Abşeronun) Qala kəndindəndirlər. İldırım 1907-ci il martın 24-də elə həmin kənddə dünyaya gəlib. Lap kiçikkən, Almaszadələr şəhərin özünə - Bakıya köçüblər. Ata xırda ticarətlə məşğul olurmuş, Xəzərdə yük gəmiləri də varmış. Bu səbəbdən İldırımın uşaqlığı dəniz sahilində keçib. Xəzərin sehrli dalğalarına da o vaxtdan vurulub.

İldırım İttihad məktəbində oxuyub

O, 1925-ci ildə universitetin «şərq fakültəsi»nə daxil olub, ancaq...tacir ailəsinə mənsubluğu ona təhsilini davam etdirməyə imkan verməyib. Universitetdən xaric edilsə də, şeir yazmağını qadağan edə bilməyiblər. O zamanlar Azərbaycan Proletar Yazıçılar Cəmiyyətində qələm əhlini iki yerə bölürdülər: 1) Proletarçılar; 2) Cığırdaşlar.

Almas İldırım «cığırdaş» sayılırdı

Elə bu arada onun «A dağlar» şeiri İstanbulda çıxan «Hayat» dərgisində dərc olunur:

Çəkilmiş qəlbinə əskidən min dağ
Titrəyir eşqini anan hər dodaq
Yayılır şikəstə səsləri dağ-dağ
Nə söylər bu qərib dillər, a dağlar?
...Aləm bir-birinə dəyir. «Almas kimilərin qafaları sovet çəkici ilə əzilməlidir!» – deyə hökm verirlər. İldırıma «müsavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi» damğasını vururlar. «Onlar Əhməd Cavad və Hüseyn Cavidlərin yolçusudurlar» - söyləyirlər.

Allahım, mən neçin şair doğuldum?

Onu Ədəbiyyat Cəmiyyətindən də qovurlar. Bu azmış kimi, NKVD onu tərbiyə etmək, bolşevik arşınına uyğunlaşdırmaq üçün Dağıstana sürgün edir.

Bəs neçin qəribəm bu doğma eldə,
Məhbəsmi dörd yanım, mən ki boğuldum...
Məlun bir zamanda, məhkum bir ildə
Araz Almas (sağda) ailəsi ilə
Allahım, mən neçin şair doğuldum?(1927-ci il)

O, Dağıstanda yerli yurdsevərlərə qoşulur

Dağıstanda 2 il qalır. Şeirləri əldən-ələ dolaşır. Orada «Dağlar səslənirkən» adlı kitabı da çıxır. Kitab «kommunizmə zidd fikirlər daşıdığı üçün» yasaqlanır. Yenə sürgün, yeni sürgün başlanır.

Almas İldırımı Türküstana sürgün edirlər

Türküstana gedərkən məşhur «Əlvida Bakı» şeirini yazır:

Bax nə deyir yenə bu coşqun Xəzər,
Qoynunda şimaldan gələn yad gəzər,
Bu bir dərd ki, məni ömrümcə əzər,
Salır məni haldan-hala, əlvida...
Əlvida ey gözəl Bakı, əlvida!
Sağlıqla qal, som sözüm bu, əlvida!..

Türküstanda da başına istiqlalçıları toplayır

Burada da şeirləri dillər əzbəri olur. Aşqabad radiosunda onun şeirlərinə bəstələnmiş mahnılar oxunur. Ancaq...Bakıdan Aşqabada göndərilən NKVD-çi onu iki yol ayrıcında qoyur: qəzetlərdə bildirmək şəırtiylə ya bizim tərəfə keçməlisən, ya da...

İldırım 2-ci yolu seçir

O, 1933-cü ilin iyununda İrana gedən bir qaçaqçı karvanına qoşulur və Aşqabadı tərk edir. Artıq evlənmişdi. Üç ay olardı ki, oğlu Azər doğulmuşdu. Min bir zülmlə sərhədə çatırlar. İran keşikçiləri onu ailəsiylə birgə həbsə atır, hətta seçim qarşısında qoyurlar: körpəni qoy, get! İldırım sarsılır, amma son anda Azəri qucağına götürüb ondan ayrılmayacağını bildirir. İldırıma «casus» damğası vurub, günlərlə suda saxlayırlar. Gələcəkdə onu öldürəcək böyrək xəstəliyini də elə o vaxt tapır. 25 gündən sonra Tehrandan gələn bir əmrlə onu Məşhədə göndərirlər.

Almas İldırım: Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm?

İranda da qala bilmir. Türkiyəyə keçir. Elazığ bölgəsində məskunlaşır. İllərcə orada-burada müəllimlik edir, hətta məktəb müdiri olur. Ancaq vətəni unutmur, «əsir Azərbaycan»a yas tutur:

Salam desəm, ruzgar alıb götürsə,
Ağrıdağdan Alagözə ötürsə,
Almas İldırımın Bakıdakı abidəsi
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər cöşub zəncirini qırsa oy!..
Hökm etsə, bu sərsəm gediş dursa oy!..

Bir cüt Xəzər necə yarandı

Gözü hər yerdə sahilində böyüdüyü Xəzəri arayırdı. Günlərin birində Mustafa Kamal paşaya məktub yazır və Elazığdakı bir gölün Xəzər adlandırılmasını ondan xahiş edir. İşə bax ki, Atatürk razılıq verir!!! Beləcə, Almas İldırım doğma Xəzərinə Türkiyədə qovuşur.

O Xəzərin ətrafında hər il «Xəzər şeir axşamları» keçirilir

İndi, hər il martın 24-də - Almas İldırımın doğum günündə Elazığda «Hazar Şiir Akşamları» ənənəyə çevrilib. O poeziya məclisinə Azərbaycandan da gedir, eloğlularının şair ruhunu yad edirlər.

Almas İldırım (Yıldırım) barədə önəmli bilgilər:

Türkiyədə ömrünün sonunadək düz 19 il yaşayır. Almaniyada çıxan və Azərbaycan Milli Qurtuluş Hərəkatının orqanı olan «Qurtuluş» dərgisində, Türkiyədə nəşr edilən müxtəlif toplularda – «Çinaraltı», «Göybörü», «Bozkurt», «Özleyiş», «Kommunizmle mucadile» dərgilərində istiqlal nəğmələrini yayır. 1936-cı ilədək yazdığı şeirlər «Boğulmayan bir səs» kitabında işıq üzü görür. «Azərbaycan mahnıları» etüdü də ona ün gətirir. 1952-ci il yanvarın 14-də Malatyada dünyaya vida deyir.

Kölgələr bir sürü gəlib gedərlər
İnsana yaşamı haram edərlər

Həmin misralarsa Almas İldırımın oğlu Araz Almasın (Aras Elmas) qələmindən çıxıb. İstiqlal nəğmələriylə yoğrulan bu şair övlad ötən əsrin 90-cı illərində Bakıya gəlir və düz iki il Şüvəlanda yaşayır. Burada da dünyasını dəyişir. Heç vaxt görmədiyi nənəsinin və babasının yanında basdırılır. Beləcə, bir cüt Xəzər Bakıda da qovuşur...

Şərhləri göstər

XS
SM
MD
LG