Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:17

«Mirzə Sakitə təzyiq göstərirlər ki, kimlərəsə təşəkkür etsin»


Mirzə Sakit ötən həftə amnistiyadan imtina etməsi barədə ərizə yazıb
Mirzə Sakit ötən həftə amnistiyadan imtina etməsi barədə ərizə yazıb
«Mirzə Sakitə həbsxanada təzyiq göstərirlər ki, həbsxanadan çıxandan sonra o amnistiyaya görə kimlərəsə təşəkkür etsin». «Azadlıq» qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakitin xanımı Rəna Zahidova belə deyir. Onun sözlərinə görə, jurnalist həmin təklifdən imtina etdiyinə görə, azadlığa buraxılması da yubanır.

Mirzə Sakit özü isə ötən həftə olduğu 10 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinə yazıb ki, amnistiyadan imtina edir. Rəna Zahidova:
«Sakitə görə başqa dustaqları da buraxmırdılar. Ona görə imtina etdi. Ərizə təsdiqlənib…»

Amma amnistiyadan imtinanın səbəbi haqda nə Mirzə Sakitin həyat yoldaşı, nə də vəkili İsaxan Aşurov məlumatlıdır. Rəna Zahidova deyir ki, həyat yoldaşı ilə iki gün sonra – martın 26-da görüşəcək, yalnız o zaman yerli-yataqlı məlumat ala biləcək.

Vəkili İsaxan Aşurov deyir ki, ərizədə yazılanlardan xəbəri yoxdur, amma hər bir halda əsas səbəb amnistiyanın tətbiqinin yubanmasıdır.
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin əməkdaşı Mehman Sadıqov isə deyilənlərlə razılaşmır. O deyir ki, məhbusun amnistiyadan imtinası öz işidir, bu onun hüququdur. Amma əvvəllər belə təcrübəylə rastlaşmayıblar və buna görə də məsələ fərdi qaydada araşdırılmalıdır.

«Düzdür, bu məsələyə xüsusi yanaşma var. Ərizə yazıbsa əlbəttə baxılacaq. Bu məsələ müzakirə predmetidir və indi onu müzakirə etmək istəməzdim. Amnistiya hüquqi normativ aktdır və buna görə bu məsələyə fərdi baxılacaq. Bu vaxta kimi belə faktla rastlaşmamışdıq ki, kimsə amnistiyadan imtina etsin...»

Bəs hüquq nə deyir? Məhbusun amnistiyadan imtina etmək hüququ varmı? Hansı halda aktın tətbiqi dayanadırıla bilər? Bunun üçün məhbus hansı səbəbi gətirməlidir?

Azərbaycan qanunvericiliyinə görə, amnistiya aktının icrası məcburidir. Yalnız bir halda amnistiya aktının icrası dayandırıla bilər. Əgər məhbus günahsız olduğunu iddia edir və yeni məhkəmə tələb edirsə. Qalan bütün hallarda məhbusun imtina edib-etməməsinin əhəmiyyəti yoxdur. O cümlədən amnistiya aktının icrasının yubanmasına etirazın da.

Bəs Mirzə Sakit ərizəsində nəyi əsas gətirir? Mehman Sadıqov deyir ki, o həmin ərizəylə tanış deyil və yəqin ki, məsələ bayram tətilindən sonra araşdırılacaq.

Vəkil İsaxan Aşurov deyir ki, ərizənin mahiyyətindən o da xəbərsizdir, amma o bildiyi qədər Mirzə Sakit daha çox amnistiyanın yubanmasına etiraz edir. Və müdafiə etdiyi şəxsin amnistiyadan imtinasına baxmayaraq jurnalist azadlığa mütləq buraxılacaq. Amma bunu da əlavə edir ki:

«Yaxşı olardı ki, Mehman Sadıqov və onun mənsub olduğu idarə amnistiya aktının vaxtında tətbiq olunmaması faktını araşdırsın. Əhəmiyyətsiz söz birləşmələridir: «fərdi qaydada araşdırılacaq». Dövlət Avropa Şurası qarşısında insan hüquq və azadlıqlarına hörmət öhdəliyi götürüb. Amnistiya verilən kimi dərhal tətbiq olunmalıdır…»

Mehman Sadıqov isə cavabında deyir ki, onlar amnistiya aktının tətbiqi zamanı ədalət prinsipini əsas götürürlər. Amnistiya dörd aya icra olunmalıdır və onlar ilk mərhələdə cəzası başa çatmaqda olan məhbusları buraxırlar:
«Siz dediyiniz adamla bağlı problem yoxdur, ona qarşı qərəz də yoxdur…».

Novruz bayramı ilə bağlı amnistiya aktı bu il martın 17-də qəbul olunub və ertəsi gündən icra olunur. Penitensiar xidmətdən Azadlıq radiosuna verilən məlumata görə, bu günə kimi artıq 293 nəfər azadlığa buraxılıb.

Milli Məclisin qəbul etdiyi qərara görə, amnistiya dörd ay müddətində icra olunmalıdır.
XS
SM
MD
LG