Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:41

Elm-meyxana dartışması


Meyxanaçılar Fərid, Hüseyn və bəstəkar Firudin Allahverdi
Meyxanaçılar Fərid, Hüseyn və bəstəkar Firudin Allahverdi
«Mən istərdim ki, meyxanaya verilən meydandan yarısı kəsilib elmin, təhsilin təbliğinə verilsin».

Bəstəkar Firudin Allahverdi gənclərin «14-24» verilişində meyxanaçı Fərid və Hüseynlə müzakirəsində bunu deyib. Meyxanaçı gənclər isə düşünür ki, elmin də təbliği kifayət qədərdir:

«Əgər o oxumaq istəyəndirsə, oxuyacaq. Valideyndən də çox şey asılıdır. Şəxsən mənə heç vaxt valideynim deməyib ki, oğlum dərsini oxuma, ancaq get meyxana de».

Verilişdə səslənən fikirlərdən:

«Meyxana çox populyardır Azərbaycanda. Bir meyxanaçıya milyonlarla qulaq asan var. 8 milyon xalqın tutaq ki, 5 milyonu ölkədədirsə, onun da 4 milyonunun meyxanaya qulaq asması məndə şəxsən şübhə doğurmur. Göndərilən sms-lər bunu sübut edir. İctimai fikrin formalaşması üçün meyxananın böyük rolu ola bilər. Məsələn, hər hansı meyxanaçının ictimai-siyasi həyatda nəyisə qabartması xalqın onun ardınca getməsinə gətirib çıxara bilər. O qədər problem var ki, ətrafımızda… Azərbaycanda məsələn, təhsilin vəziyyəti, təhsildəki total rüşvətxorluq. 20 il sonra biz bunun əzabını çəkəcəyik. Məsələn, buna qarşı mövqe istərdim eşidim meyxanaçılardan».

«Meyxananın gözəlliyi deyişmədədir. Ona görə də xalq üstünlüyü ona verir.
Hal-hazırda hamı ictimai məsələlərdən danışa bilmir. Şəxsi reklamına görə, qorxan da var ki, birdən deyərəm, sonra bir daha efirə həsrət qalaram».

«Bu dəqiqə meyxana elə formalaşıb ki, camaatın beynində, meyxana ancaq tində- dalanda deyilir. Adicə bir məclisə gedəndə yaxınlaşıb deyirlər ki, çalışaq etik qaydalardan kənara çıxmayaq. Deyirik, uşaq deyilik ki, bilirik də hər şeyi».

«Meyxana milli-mənəvi sərvətlərimizdən biridir. Hər ailədə körpə uşaq da bunu bilməlidir. Televiziya vasitəsilə gedən meyxanalar da buna kömək edir».

«Meyxana lokal bir incəsənətdir. Bu, sırf sözə, xüsusilə bədahətən deyilən sözə hesablandığı üçün xaricdə təbliği mümkün deyil, hansısa xariciyə başa sala bilmərik, burda söz oyunları və s. var».

«Amma dili bilməyənlər emosiyaya görə də baxırlar ki, görəsən, bunlar nə deyirlər. Yanında oturan adamdan xahiş edirlər ki, başa salsınlar. Emosiya belə şeydə lazımdır».

«Amma bütün hallarda bu, Azərbaycanı dünyada təmsil edəcək qədər bir sənət deyil. Uzaqbaşı İranda mümkündür».

«Müsəlman ölkələrində var. Elə onların başa düşməyi bəs edər. Elə öz xalqımızın içində təbliğ olunmağı böyük bir şeydir bizim üçün».

«Meyxana elm deyil ki, biz raket düzəldib sataq və s».

«Amma onu da unutmayaq ki, meyxana ancaq bizə məxsusdur. Qədrini bilməliyik, ötəri yanaşmaq lazım deyil».

«Hər xalqın özünəməxsus cəhətləri var. Biz baxsaq görərik ki, Qərbdə yaşayan inkişaf etmiş bir çox xalqların folkloru yox dərəcəsindədir».

«Sizcə bu, müsbətdir?»

«Bunun müsbət-mənfisini biz dartışmırıq. Amma bunun nəticəsində onların əldə etdiklərinə biz baxa bilərik ki, inkişaf etmiş əksər xalqlarda folklor yox səviyyəsindədir».

«Bir şeyi deyim ki, meyxana deyənlər elə insan olurlar ki, onların qabağına nə qədər də qadağa qoysan, o vergi onda varsa, o yenə də deyəcək. Ölən deyil meyxana».

«Bu gün Azərbaycanda hər bir şeyin yetişməsi üçün ona meydan vermək lazımdır. Məsələn, Üzeyir Hacıbəyovun təxminən 100 əvvəl yazdığı bir məqalə var ki, nəyə görə bizdə qoçu-moçu çoxdur, Qərbdə azdır, orda alim çoxdur, bizdə alim azdır? Bu, o deməkdir ki, biz istedadsızıqmı? O özü cavab verir ki, yox, heç bir xalqın, hətta şəxsin istedadı başqasından az deyil. Sadəcə baxır o cəmiyyətdə nəyə meydan verilib. Məsələn, bu gün Azərbaycanda elmə, təhsilə çox az meydan verilib. Amma şouya, bunun da daxilində meyxanaya çox böyük meydan verilib. Məsələn, mən istərdim ki, meyxanaya verilən meydandan yarısı kəsilib elmin, təhsilin təbliğinə verilsin».

«Elmin də təbliği bəs qədər var. Əgər o oxumaq istəyəndirsə, oxuyacaq. Valideyndən də çox şey asılıdır. Şəxsən mənə heç vaxt valideynim deməyib ki, oğlum dərsini oxuma, ancaq get meyxana de».

«Belə baxanda, meyxana da haradasa elmdir».

«Məndə nəyinsə olub, səndə olmaması mənim üstünlüyüm deyil ki?! Meyxananın da ancaq Azərbaycanda olması bizim üstünlüyümüzdür».

«Hollivudda kino var, bizdə də meyxana. Bizdə söz ehtiyatı həddindən artıq çoxdur. Söz altında qalmarıq».

«Bu, bizim nə üstünlüyümüzdür, nə də mənfi mənada fərqimizdir. Ona qalsa, Afrikalıların da öz folkloru var. Keniyalı da deyə bilər ki, məndə də filan şey var, mən də bununla fəxr edirəm. Folklor elə bir şeydir ki, təbiidir, öz-özünə bitən ağac kimidir. Təbiətdən qaynaqlanır bu. Amma irəli getmiş xalqlar tək təbiətlə yaşamırlar ki. Onlar onunla yaşayırlar ki, bu təbiəti nə dərəcədə dəyişdiriblər, hətta elə bir şərait yaradıblar ki, təbiətin özünə çox böyük ehtiyacları yoxdur. Məsələn, onlar odu almaq üçün taxtanı bir-birinə vurmurlar. Artıq odu almaq üçün alışqan var, kibrit var. Təbiətdən müsbət mənada çox uzaqlaşıblar. «Mənim çox gözəl təbiətin var» deməyə gəldikdə isə, adama deyərlər, mənim çox gözəl təbiətim yoxdur, amma bir insan kimi daha yaxşı yaşayıram. Təbiətlə fəxr etmək olmaz, çünki təbiət onsuz da hamıya verib, hərəyə bir cür istedad verib. Təbiətin verdiyi heç kimi heç kimdən fərqləndirmir. «Mənim meyxanam var» deməklə yox, hansı mənada irəliləyiş etmişik, biz bununla qürrələnə bilərik. Biri tank kəşf edir, biri peyk kəşf edir, qısası xalqlar bir-biri ilə elmləri ilə fəxr edirlər».

«Meyxanaçılar sadəcə meyxanaya görə xidmət edirlər ki, meyxana sevilsin. Ancaq hal-hazırda məsələn, Namiq Məna dövlətə aid, rəhbərimizə aid, onun gördüyü işlərə aid də meyxana deyir. Millətə belə daha yaxşı çatır həqiqətən də».

«Mənə elə gəlir ki, rəhbərin gördüyü işlərdən başqa görmədiyi işlərdən də demək lazımdır ki, bunlar da görülməlidir».

«Onun yan-yörəsində olanlar öz məsləhətlərini verə bilərlər. Meyxana deyənin o təklifləri etməyinə ehtiyac yoxdur. Meyxanaçı bu dəqiqə ancaq rəqibini tənqid edə bilər».

Buna da bax:

XS
SM
MD
LG