Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:03

Hökumət parlamentə hesabat verdi


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Martın 18-də Milli Məclisdə hökumətin hesabatı dinlənildi.



Hesabatı millət vəkillərinə təqdim edən baş nazir Artur Rəsizadə dedi ki, 2004-cü ili son onilliyin ən uğurlusu hesab etmək olar. Çünki, ötən il iqtisadiyyatın bütün sahələrində yüksək artım təmin olunub.



Azərbaycan Respublikasının valyuta ehtiyatları 1 milyard 845 milyon dollara çatıb. Beləliklə, ölkənin ümumi valyuta ehtiyatları onun xarici borclarının həcmini 257 milyon dollar üstələyir ki, bu da Azərbaycanın iqtisadi qüdrətinin ildən ilə artmasını təsdiqləyir.



Baş nazirin sözlərinə görə, ötən il ilk dəfə olaraq dövlət büdcəsi kəsirsiz yerinə yetirilib.



Müxalifətyönlü millət vəkilləri isə hökuməti tənqid etdilər.



Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının rəhbəri, millət vəkili Qüdrət Həsənquliyevin fikrincə, Nazirlər Kabinetinin fəaliyyəti qənaətbəxş hesab edilməməlidir.



«Əgər bu gün ölkədə əhalinin 43 faizi yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayırsa, hökumətin yüksək səviyyədə fəaliyyət göstərdiyini demək düz deyil».



Hakim partiyadan olan deputat Aydın Mirzəzadə isə görülən işləri müsbət dəyərləndirsə də, bir sıra problemlərin həll edilmədiyini bildirdi.



Onun fikrincə, «hökumət xüsusilə qışa hazırlıq məsələsinə ciddi yanaşmır. Yay aylarında dəfələrlə bu barədə Nazirlər Kabinetinə xatırladılsa da, heç bir nəticəsi olmur və qışda yenə də seçicilərin şikayətlərini dinləməli oluruq».



Aydın Mirzəzadə bütün bu məsələlər nəzərə alınmaqla hökumətin illik hesabatının qəbul olunmasını təklif etdi.



AXCP-ni təmsil edən millət vəkili Qulamhüseyn Əlibəyli isə əksinə, hökuməti fəaliyyətsizlikdə ittiham etdi və onun bütövlükdə istefaya getməsini zəruri saydı.



Çıxışları dinləyəndə yadına Sovet dövründəki təsərrüfat yarışlarında planı yerinə yetirənlərin alqışlanması düşdüyünü deyən millət vəkili Sabir Rüstəmxanlı isə həmkarlarını hökumətlə açıq danışmaq imkanını lazımınca dəyərləndirməyə, yaranmış vəziyyəti əldən verməməyə çağırdı.



«Burada bülbül kimi cəh–cəh vurmaqdansa xalqın real vəziyyətindən danışmaq lazımdır ki, sabah üçün nəticə çıxarılsın».



Müzakirələrdən sonra Milli Məclis hökumətin hesabatını qəbul etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG