Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:00

Son 6 ayda broyler təsərrüfatlarında çalışanların sayı 10% azalıb


«Vəziyyət çox pisdir. Bazarda quş əti satılmır»

«Vəziyyət çox pisdir. Bazarda quş əti satılmır»

Gülçöhrə Əliyeva bazarda diri toyuq satmaqla məşğuldur. Deyir ki, bu toyuqları özü yetişdirmir, quşçuluq təsərrüfatlarından alır, alverisə çox yaxşıdır, çünki toyuqları aşağı qiymətə alır, özü də ucuz satır:

«Elə olur gündə 20-dən çox toyuq satıram, 3-4 manata, hərdən 2 manata satdığım da olur, mənə belə sərf eləyir».

«Azərbaycanın 4 iri quşçuluq və broyler təsərrüfatı - «Hövsan-Broyler», «Mərdəkan-Broyler», «Mərdəkan Quşçuluq» və «Göradil Quşçuluq» cəmiyyətlərinin fəaliyyətlərini dayandırması nəticəsində quş əti və yumurta istehsalı 10% aşağı düşüb». Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev belə deyir. Onun sözlərinə görə, hazırda 30-a yaxın quşçuluq təsərrüfatı işini yarıbayarı azaldıb:

«Vəziyyət çox pisdir. Bazarda quş əti satılmır. Tək-tək müəssisə bütün gücüylə işləyir. Qalanları da yarımcandır, tam gücüylə işləmirlər. Bu da işsizliyin artmasına gətirib çıxaracaq, quşçuluq da tənəzzülə uğrayacaq».

A.Vəliyev deyir ki, hazırda bir çox təsərrüfatlar bazara çıxardıqları məhsulu maya dəyərinə - 1 kq quş ətini - 2-3 manata, 1 ədəd yumurtanı isə 6-7 qəpiyə satmağa məcbur olublar.

Aydın Vəliyevin dediklərini quş əti və yumurta satan Səbuhi də təsdiqləyir. O deyir ki, əgər əvvəllər yumurtanın 1 ədədini 10 qəpiyə satırdılarsa, indi 7 qəpiyə satırlar:

«Maliyyə böhranı başlanandan belədir. 7 qəpiyə yumurtadır, təmizlənmiş toyuqsa 3-4 manatdır».

Quşçular Cəmiyyətinin sədri deyir ki, belə vəziyyət çox davam edə bilməz, bu ucuzluq günün birində kəskin bahalaşmaya, sonra isə yerdə qalan təsərrüfatların tamam çökməsinə səbəb olacaq. Aydın Vəliyev deyir ki, hazırda xaricdən gətirilən quş əti Azərbaycan bazarında yerini möhkəmləndirir. Son altı ayda quşçuluq və broyler təsərrüfatlarında çalışanların sayı orta hesabla 10% azalaraq, 9 min nəfərə düşüb.

«Dəvəçi-Broyler» təsərrüfatının rəhbəri Zakir Məmmədovsa deyir ki, onların da təsərrüfatında problemlər özünü göstərir. Ancaq hələ ixtisarlara əl atmayıblar.

Vəziyyəti normallaşdırmaq üçün Quşçular Cəmiyyəti Nazirlər Kabinetinə təkliflər təqdim edib. Hazırda cəmiyyət Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutu ilə birlikdə quşçuluğu xilas etmək üçün minimum zəruri tədbirlər paketi üzərində çalışır. Onlar hesab edirlər ki, istehsal avadanlığı, broyler cücəsi, damazlıq yumurta, soya və qarğıdalı cecəsi əlavə dəyər vergisindən azad olunarsa, işləri xeyli yaxşılaşacaq.

2008-2015-ci illərdə əhalinin ərzaq təminatının yaxşılaşdırılmasıyla bağlı ötən ilin mayında qəbul edilmiş Dövlət Proqramına görə, 2015-ci ildə Azərbaycanda quş əti və yumurta istehsalı 2 dəfə artırılaraq 80 min tona və 2,3 milyard ədədə çatdırılacaq. Quşçular Cəmiyyətinin rəhbərisə deyir ki, onların təklifləri qəbul olunmasa, Dövlət Proqramının icrasında çətinliklər yarana bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG