Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda uşaq əməyinin nə dərəcədə geniş yayıldığın araşdırır


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” Martın 9-da BMT-nin Əmək Təşkilatı Azərbaycan Dövlət Statistika Komitəsi ilə birgə ölkədə uşaq əməyindən istifadənin nə dərəcədə geniş yayıldığını aydınlaşdırmaq üçün sorğu keçirməyə başlayıb. Sorğu xüsusi hesabatın hazırlanması ilə başa çatacaq. Bu, uşaq əməyinin qadağan olunmasıyla bağlı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Sorğu Azərbaycanın bütün ərazisində həm valideynlər, həm də uşaqlar arasında keçirilir. Sorğunun birinci mərhələsi martın 18-də başa çatacaq. Daha sonra sorğunun ikinci mərhələsi başlanacaq və uşaq əməyindən istifadənin səbəbləri aydınlaşdırılacaq. Sorğunun yekunları ilə bağlı xüsusi dövlət proqramının hazırlanacağı gözlənilir.

Bu arada «Azadlıq» radiosunun müxbiri Bakı ətrafındakı Balaxanı qəsəbəsində olub. Bu qəsəbə yaxınlığındakı hektarlarla ərazini əhatə edən zibilliyə paytaxtın məişət tullantıları boşaldılır. Balaxanı qəsəbəsinin yüzlərlə sakini buranı özünə iş yeri sayır. Onlar zibilikdən yığdıqları boş şüşələri, dəmir, mis, alüminium qırıntılarını bir qədər aralıdakı xüsusi qəbul məntəqələrinə təhvil verirlər. Azərbaycan qanunlarına görə, 15 yaşınacan uşaqlara işləməyə icazə yoxdur, amma Balaxanı zibilliyinin öz qayda-qanunları var.

Balacaəmi – söhbətləşdiyim uşaqlardan birinin belə bir qədimyana adı var. Əynində öz ölçüsündən xeyli böyük olan pencək, ayaqlarında rezin çəkmə, belində isə kisə var. O deyir ki, 5 ildir ki, zibillikdə işləyir. Evlərində ondan başqa işləyən yoxdur və ailəni o dolandırır. Balacaəminin iş yoldaşları arasında özü yaşda qızlar da var. Onlar bir ay ərzində təxminən 100 dollar pul qazandıqlarını deyirlər.

Yük maşınlarından boşaldılan məişət tullantılarından əmələ gələn təpəciklər traktorla əzilir. Amma traktorçu deyir ki, uşaqların əlindən işləyə bilmir, onlar boş şüşələrin traktorun tırtılları altında sınmasını istəmirlər.

Evində olduğumuz Balaxanı sakini Bəhruz Əliyevin özü də, üçüncü sinif şagirdi olan oğlu Həsən də zibillikdə işləyirlər. O deyir ki, uşağı demək olar ki, məktəbə getmir. «Əgər nə ata, nə də ana üçün iş yeri yoxdursa, uşaq necə məktəbə gedə bilər. Mən gündə 20 min, o isə 10 min manat qazanır, mənə kömək edir. Məktəbin xərcləri isə çoxdur»

Balaxanıdakı 259 saylı məktəbin direktoru Fəridə Rzayeva şagirdlərin zibillikdə işləməsi faktlarını etiraf edir, amma deyir ki, belə hallar azdır. O da iqtisadi vəziyyətin çətin olması fikriylə razılaşır, amma valideynləri də günahkar sayır. Fəridə Rzayevanın sözlərinə görə, onların məktəbində elə uşaqlar da var ki, valideynləri çox kasıb olsa da, nəinki dərs buraxırlar, hətta əla qiymətlərlə oxuyurlar.

Balaxanıdakı 22 saylı poliklinikanın həkimi Badamxanım Mirzəyeva isə deyir ki, zibillikdə işləmək uşaq orqanizmi üçün çox ziyanlıdır. Onun sözlərinə görə, ağır yük qaldırmaq uşaqlarda qrıja və daxili orqanların zədələnməsi kimi xəstəliklərə səbəb ola bilər. Tərkibində ən müxtəlif kimyəvi maddələrin olduğu zibillərin yandırılması isə daha ziyanlıdır. Onun sözlərinə görə, bu, uşaqlarda əqli inkişafdan geri qalmaq kimi hallara gətirib çıxarır.

Balaxanı zibilliyini özünə iş yeri sayan 14 yaşlı Balacaəmi isə böyüyəndə sürücü olmaq istəyir. O deyir ki, yaşı çatan kimi sürücülük vəsiqəsi alacaq. Amma hələ 4 il zibillikdə işləməyin daşını atmaq fikrində deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG