Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:12

Nadir Bədəlov: «Məni edam ediblər»


«Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin bu dəfəki qonağı kinoşünas və telejurnalist Nadir Bədəlovdur

«Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin bu dəfəki qonağı kinoşünas və telejurnalist Nadir Bədəlovdur

«Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin bu dəfəki qonağı kinoşünas və telejurnalist Nadir Bədəlovdur. 52 yaşı var. Bakının Buzovna qəsəbəsində anadan olub. İncəsənət İnstitutunu bitirib. ANS-də «Dahilərin divanı» verilişinin aparıcısıdır.

- Nadir Bədəlov, «divanların dahisi» demək olar sizə?


- Yox. Dahilər divandan o tərəfdədir.

- Keçmişdə divan zamanı ixtiyar sahibləri qırmızı geyinərmişlər. Siz divan quranda daxildə nə geyinirsiniz?


- Mənə elə gəlir ki, ağ geyinirəm. Bir də orda heç də həmişə söhbət dahilərdən getmir. Amma söhbət dahidən gedəndə, biz onu yox, o bizi divana çəkir. Və mən öyrənirəm.

- Doğrudanmı veriliş öncəsi hansısa pis məlumat sizin işləməyinizə təsir edir?

- Əslində mən artıq xeyli vaxtdır bu işlə məşğulam. Yəni prosesə öyrəşmişəm. Ancaq buna baxmayaraq çəkilişə başlayanda bir aparıcı kimi daxilimdə həyacan keçirirəm. Təsəvvür edin ki, Füzuli haqqında müzakirə gedir…

- Allahdan qorxmaq insana nə verir?

- Mən Qurani Kərimdə bir ayə oxudum və mənə aydın oldu ki, Allahdan qorxmaq insanı digər qorxulardan hifz edir.

- Varmı sizdə bu hünər?

- Desəm ki, o dərəcədə kamiləm, düz olmaz. Yoxdur məndə bu hünər. Amma hər gün dünənkindən daha kamil olmağa çalışıram.

- Nə etmək olmaz?

- Özündən zəifə zor göstərmək olmaz. Gücünü göstərmək istəyirsənsə, ya özünə bərabər, yaxud da özündən güclüyə qarşı çıx.

- Heç daxilinizdə kimisə edam etmisiniz?

- Yox.

- Bəs sizi edam ediblər?

- Məni ediblər. Haqqımda ləyaqətə toxunan yazıların yazılması elə edam deməkdir. Olur belə şeylər. Mənim bir müəllimim vardı. O, həmişə deyirdi ki, «heç vaxt heç kimin ləyaqətinə toxunmayın. Çünki bunu heç kim yadından çıxarmır. Dünya elə qurulub ki, ləyaqəti tapdanmış adam (hətta sizdən zəif olsa belə) bir gün şansı olacaq ki, onu təzədən bərpa etsin».

- Kimlərə qibtə edirsiniz?

- Öz gücünə və öz şansına inanan, tərəddüd etməyən adamlara. Mən tərəddüd edən, düşünən, ölçüb-biçən adamam. Bu, mənim xasiyyətimdir.

- Nə xırda şeydir?

- Çox şey xırdadır bu dünyada. Amma bəzən mən bir şeyin xırda olduğunu müəyyən vaxt keçəndən sonra dərk edirəm. Məsələn, nəyəsə səbrsizlik edirəm, bir müddət sonra düşünürəm ki, bu, xırda şey idi, niyə mən səbrli olmadım.

- Heç o dünyaya xəyalən səyahət etmisiniz?


- Yox. Adətən belə düşünmüşəm ki, heç nə yoxdur.

- Heç nəyin arxasında nə durur?

- Yəni sən yoxsan. Artıq sən yoxsan. Məsələn, indi mən sizinlə söhbət edirəm. Amma olmalı olduğum başqa bir yerdə yoxam. Necəki orda yoxam, bir gün eləcə də heç yerdə olmayacam. Şüurum orda da olmayacaq, özümdə də olmayacaq. Belə düşünürəm.

- Bu dünya sizə nə verib?

- Mənə də dünyanın vermədikləri var və yəqin lazım bilinməyib ki, verilməyib. Amma mən verdikləri barədə düşünəndə deyirəm şükür Allaha. Məsələn, azad sənətkar olmaq imkanı mənə verilmədi. Bax bu gün ona görə mən 52 yaşımda bir az əziyyət çəkirəm.

- Nədən zövq alırsınız?

- Çox şeydən. Bu gün küçəyə çıxdım, günəşli hava mənə yazın gəlişini hiss elətdirdi. Ondan zövq aldım. Hətta maşınların məni həmişə əsəbləşdirən yersiz səs-küyündən də zövq aldım.

- Nikbin adamsınız?

- Tam mənada nikbin adam səy adam olar. Tam bədbin adam da səy adamdır.

- Nə nəticəyə gəldiniz inidyə qədərki həyatdan?

- Nəticəyə gəlməyə tələsmirəm. Çünki hələ iddialarım bitməyib. Mən həyat və ölüm haqqında düşünmüşəm. Amma ölümsüzlük haqda hələ düşünməmişəm. Görünür, mən hələ daxilən o həddə gəlib çatmamışam ki, artıq iddialarımı bir kənara qoyub ölümsüzlük haqda düşünüm.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG