Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:58

İki Hüseyn


Hüseyn Ərəblinski və Hüseynqulu Sarabski
Mart ayı Azərbaycan səhnəsinin 2 böyük aktyorunun ölüm və doğum günlərini özündə yaşadır. Faciə ustası Hüseyn(bala) Ərəblinski 1919-cu il martın 17-də qətlə yetirilib. Məcnun rolunun bənzərsiz ifaçısı Hüseyn(qulu) Sarabski isə 1879-cu il martın 20-də doğulub. Bakıda dünyaya göz açmış və Bakıda da dünyayla vidalaşmış hər 2 sənətçini 1 yazıda anmağa qərar verdim.

Birinci Hüseyn

Tam adı Hüseynbala, soyadı Xələfovdur. Təxəllüsünü general Balakişi Ərəblinskidən götürüb. O, Sarabskidən 2 yaş balaca olub. Dənizçi ailəsində doğulub. Öncə mollaxanada, sonra rus-tatar məktəbində oxuyub. Elə o vaxtlarından teatra tapınıb. Səhnəyə ilk çıxışında 16 yaşı varmış. «Lənkəran xanının vəziri»ndə mehtəri oynayıb. Ona bu rolu tapşıran Cahangir Zeynalov Hüseynbalanın istedadına heyran qalıb. Beləcə, cürbəcür obrazlar yaradıb. Şöhrətin zirvəsinə Otello roluyla yüksəlib. Ərəblinskini «ürək və zəka sənətkarı» adlandırıblar. Gur səsi, boy-buxunu, yaraşığı və əlbəttə, fitri istedadı onun səhnə uğurunda az rol oynamayıb. 1908-ci ildə «Leyli və Məcnun» operasının ilk quruluşçu rejissoru da Hüseyn Ərəblinski olub.

Qılman İlkin «Bakı və bakılılar» kitabında yazır: «Onun səhnə arxasından səsi eşidildikdə salonda elə gurultu qopurdu ki, aktyor susub tamaşaçıların sakitləşməsini gözləyirdi».

Birinci Hüseyn həm də ilk kino aktyoru olub

Bir yandan yoxsulluq, səfalət, o biri yandan «oyunbaz», «hoqqabaz», «bığsız», «arsız» kimi təhqiramiz atmacalar Ərəblinskinin sağlamlığını sarsıdır. Böyük aktyor 1913-cü ildə vərəmə tutulur. Bakı qəzetləri onun «şam kimi əridiyini» yazır və şəhərin zənginlərini «xəstə artistə» köməyə çağırırlar. Bu çağırışa milyonçu Murtuza Muxtarov cavab verir və 700 manat verərək onu müalicə üçün Abastumana göndərir.
Hüseyn Ərəblinski
Hüseyn yaxşılaşaraq Bakıya qayıdır və əvvəlkindən də böyük həvəslə səhnəyə bağlanır. 1916-cı ildə Bakıda çəkilən «Neft və milyonlar səltənətində» filmində Lütfəli bəy obrazını canlandırır.

1919-cu ildə «Novruz»a 4 gün qalmış Ərəblinski öldürülür

Onu yaşadığı evin kandarında öz dayısı oğlu qətlə yetirir. Bütün Bakı bu qara xəbərdən sarsılır və hamı qətl yerinə axışır. Adam əlindən tərpənmək olmur. Gün boyu şəhərin müxtəlif yerlərində mitinqlər keçirilir. Bu matəm mitinqlərində Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı və başqaları çıxış edirlər. Qəzetlərdə yazılana görə, Ərəblinskinin matəm mərasimi Həsən bəy Zərdabidən sonra ən izdihamlı 2-ci mərasim idi. Yenə də bütün din və xalqların nümayəndələri həmin mərasimə qatılmışdılar.

İkinci Hüseyn

2-ci Hüseyn daha çox yaşayıb, amma onun da həyatı hamar keçməyib. 2 yaşından atasını itirib və çox tez də işləməyə başlayıb: papaqçı şagirdi, susatan, daşyonan, palçıqdaşıyan çalışıb. Məktəbə 2 il yarım gedib, yazıb-oxumaq öyrənib. Yaxşı səsi olduğundan şəbih tamaşalarına da qatılıb. Özünün xatırladığına görə: «Bakı toylarında, qonaqlıqlarda aşıq və dərviş oxutmaq bir adət idi. Mən də harda aş, orda baş idim».

Sarabski gecə kurslarına gedir

O vaxtlar milyonçu Hacı Zeynalabdin Bakıda gecə kursları açıbmış. Hüseyn(qulu) da o kurslara yazılır. Doktor Nərimanın (Nərimanovun) təşkil etdiyi Teatr Həvəskarkarı Dərnəyinə də üzv olur. Onun müəllifi olduğu «Dilin bəlası» komediyasında səhnəyə çıxır və eynən Ərəblinski kimi çətinliklərlə üzləşir: «Repertuar yox, artist yox, aktrisa yox, səhnə yox. Teatr belə yox, amma düşmən çox!»… Sarabski senzuradan da gileylənirdi: «...üstümüzdə 3 senzura vardı: hökumət, mollalar, qoçular.
Hüseynqulu Sarabski
Onlardan icazə alanda da, səhnə tapa bilmirdik».

2-ci Hüseyn necə Məcnun oldu

1907-ci ildə H. Haynenin «Əl-Mənsur» tamaşasında oynayan Sarabski axırıncı pərdədə «Hicaz» oxuyur. Salonda oturan Üzeyir Hacıbəyli onun ifasını xoşlayır. Beləcə, Məcnun roluna uzanan yol başlanır...

...«Leyli və Məcnun»un ilk tamaşası o qədər uğur qazanır ki, hər yerdən qastrol dəvətləri gəlir. H. Sarabski o qastrollardan birini – 1913-cü ildə Şuşada verdikləri tamaşanı ahıl çağlarında da dəqiq xatırlayırmış:

«Biletlər satılıb qurtarıb. Camaat axınla gəlir. Məcbur qalıb zalın pəncərələrini açırıq ki, hamı eşitsin. O gecə (7 avqust 1913-cü il) oynadığım Məcnunu nə oynamışam, nə də oynayacağam».

Tarixin yaddaşında başqa Məcnun da qalıb

10 aprel 1914-cü il. Tiflis. Əziz Şərif xatırlayır ki: «Sarabskinin oyunu misilsiz idi... Hönkürtümü çətin boğa bilirdim...».

Mirzə Cəlil 2-ci Hüseyni «səhnəmizin yaraşığı» adlandırıb

1922-ci ildə Hüseyn(qulu) Sarabskinin səhnə fəaliyyətinin 20 illiyi qeyd olunanda Mirzə Cəlil həmin bənzətməni işlədib.

Sarabski çox obrazlar yaradıb: Kərəm, Aşıq Qərib, şah Abbas, şeyx Sənana, şah İsmayıl, Sərvər, Əsgər... Bakıda təşkil edilən «Şərq konsertləri»nə də qatılıb. «Şərq orkestri»ndə «muğam və mahnı ifaçısı» kimi ad çıxarıb. Uzun illər musiqi dərsləri verib. Ömrünün son gününədək «Xalq Yaradıcılığı Evi»nin rəhbəri olub.

Sarabskinin son Məcnunu 1941-ci ildə səhnədə görünüb

Deyilənə görə, son tamaşa vida nəğməsi təsiri bağışlayıb.
H. Sarabski «Məcnun» rolunda
Hərçənd, daha bir vida da olub: 1945-ci il fevralın 16-da Sarabski ilk tamaşanın tarzəni Qurban Pirimovu və dönəmin Leylisi olan Həqiqət Rzayevanı yanına çağırıb deyir: «Qurban çal, son dəfə Leylini dinləmək istəyirəm».

2-ci Hüseyndən cəmi 2 səsyazı və 2 kitab yadigar qalıb

İlk səsyazı Məcnunun 28 saniyəlik «oxuması». İkincisi, «Səbuhi» filmində xanəndə Səttarın ifası.

2-ci Hüseynin 2 kitab yadigarını da yada salaq: 1. «Bir aktyorun xatirələri» 2. «Köhnə Bakı».

1-ci Hüseyndən yalnız xatirələr və fotolar qalıb

...Görəsən, «Daha hansı Hüseynlər olub və onlardan nə qalıb?» sualını cavablaya biləcəyik?

P.S. «Hüseyn Ərəblinski niyə öldürüldü», – deyə SMS yazan oxucuya cavab

Sovetlər dönəmində 1-ci Hüseynin ölüm səbəbini ancaq belə göstərirdilər: daylısı oğlu onu artist olduğu üçün güllələyib. Amma Manaf Süleymanov «Eşitdiklərim...» əsərində bu qətlin başqa bir versiyasını da ortaya qoyur. Bakıda o dövrdə Tatyana Maslennikova adlı gözəl bir xanım var imiş. Kazinolarda, restoranlarda gitara çalıb-oxuyurmuş. Hamı ona heyran imiş. O oxuyanda salonda adam əlindən tərpənmək olmurmuş. Hüseynlə Tatyana ailəvi dost imişlər. (Hüseyn evli idi). Bir yerə yığışıb çalıb-oxuyar, tez-tez görüşərlərmiş. Hüseynin dayısı oğlu da bu qadına aşiq imiş. Oxu daşı dəyən qısqanc kişi «səbəbkar» öz bibisioğlunu görür və onu öldürür... (O nadan, kişi ilə qadını mənəvi tellərin də birləşdirdiyini haradan biləydi?)

Və hər iki versiyada səbəb eynidir: N.Nərimanovun dediyi kimi – nadanlıq!
XS
SM
MD
LG